Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ETSN-in iki vəzifəli şəxsi korrupsiyaya görə həbs edilib

ETSN-in iki vəzifəli şəxsi korrupsiyaya görə həbs edilib


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ekoloji sahədə korrupsiya hüquqpozmalarına yol verən vəzifəli şəxsləri ifşa edilib.

Bu barədə Newscenter.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşə Fondundan istifadə şöbəsinin müdiri Sadiq Salmanov və həmin qurumun Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rəşad Mahmudovun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirləri ilə Sadiq Salmanovun qiymətli növdən olan meşə materialının qanunsuz hərrac yolu ilə vətəndaşa ayrılmasını təşkil edəcəyini vəd edərək öz xidməti otağında tələb etdiyi pul məbləğinin 3 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Habelə, Sadiq Salmanovun Rəşad Mahmudovla əlbir olaraq növbəti dəfə eyni məqsədlə ona müraciət etmiş vətəndaşa rəsmi prosedurlardan kənar formada qiymətli ağac materiallarının verilməsi müqabilində hissə-hissə olmaqla ümumilikdə 3 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Hər iki vəzifəli şəxs tələb etdikləri pulu vətəndaşdan alarkən cinayət başında yaxalanıb, onların xidməti otaq və avtomobillərində aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

Toplanmış ilkin sübutlar əsasında Sadiq Salmanova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri, Rəşad Mahmudova isə həmin Məcəllənin 311.3.1-ci maddəsilə ittiham elan edilib və onların hər ikisi barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlardırma və həbs qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş