“Avropa İttifaqının (Aİ) Fransa kimi bəzi üzv ölkələri Ermənistanın hərbiləşdirilməsi proqramına başlayıblar”.
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu hərbiləşdirmə proqramları doğru deyil: “Birincisi, istənilən hərbiləşdirmə proqramının yararlı olduğunu sanmırıq. Ermənistanın militarizasiya proqramına ehtiyacı yoxdur. Ermənistanın sülh proqramına ehtiyacı var”.
H.Hacıyev, həmçinin bəzi Qərb dairələrindəki Azərbaycanofobiya və islamofobiya haqqında da danışıb: “Bu, həm də Aİ-nin regional resurslarda ambisiyaları və maraqları üçün çox da faydalı deyil. Avropa Şurasının bu yaxınlarda Azərbaycanla bağlı gərəksiz tənqidləri ehtiva edən lazımsız bəyanatını da nəzərə almışıq... Azərbaycan əraziləri işğal altında olanda Avropa qurumları heç vaxt Azərbaycana qarşı ədalətli olmayıblar”.
H. Hacıyev qeyd edib ki, Avropanın müvafiq qurumları həllin parçası olmalıdırlar: “Biz Fransa kimi üzv ölkələrə həmişə tövsiyə etmişik ki, birincisi, Azərbaycan ərazisində separatizmi dəstəkləməsinlər. İkincisi, Ermənistanda revanşizmi dəstəkləməklə bağlı lazımsız mesajlar verməyin, həm də regionumuzda geosiyasi lazımsız oyunları irəli sürməkdən əl çəkin. Təəssüf ki, bunlar faktlardır. Biz inanırıq ki, bu, tarixi fürsət və tarixi təkandır və müvafiq Avropa qurumları da sosial böhran bölgəsində sülh gündəmini irəli sürmək üçün problemin deyil, həllin bir hissəsi olmalıdır”.
Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycanın gündəliyində Bakı ilə İrəvan arasında sülh və ikitərəfli münasibətlərin normallaşması məsələsi var: “Ermənistanın qanunsuz rejimi hazırda tərk-silah edilib və Azərbaycan ərazisindən çıxarılıb. Bu o deməkdir ki, Ermənistanla Azərbaycan arasında sülh razılaşması bağlamaq üçün heç bir əngəl yoxdur. Biz hesab edirik ki, bu, iki ölkə arasında ədavət və düşmənçilik fəslini dəyişdirmək və Azərbaycanın Ermənistan tərəfinə təklif etdiyi beş fundamental prinsip əsasında davamlı sülh yaratmaq üçün tarixi fürsətdir. Azərbaycan Avrasiya xəritəsində ən uzanmış münaqişələrdən birinin həlli üçün model yaradıb”.
O xatırladıb ki, ATƏT Qarabağ məsələsini həll edə bilməyib:
“Minsk qrupu uğursuzluğa düçar olub: Minsk qrupunun həmsədrliyi qurumu uğursuz olub, çünki bu qurumun missiyası Ermənistanın Azərbaycana qarşı işğal siyasətini qorumaq və davam etdirmək olub”.
H. Hacıyevin fikrincə, işğal və ədalətsizlik dönəmi artıq geridə qalıb: “Ona görə də Azərbaycanın gündəliyində Bakı ilə İrəvan arasında sülh və ikitərəfli münasibətlərin normallaşması məsələsi var. Ancaq istənilən sülh öhdəliyi hər iki tərəfin öz üzərinə düşən vəzifəni yerinə yetirməsini tələb edir və Ermənistan da öz rolunu oynamalı, pozitivlik və xoşməramlılıq nümayiş etdirməlidir. Biz artıq Ermənistan tərəfinə sülh müqaviləsinin yenidən işlənmiş beşinci variantını təqdim etmişik, amma iki aydan çox vaxt keçib ki, onlar hələ də cavab vermirlər. Hazırda regionda yeni reallıqlar yaranıb. Bu yeni reallıqlar qanunilik və legitimlik üzərinə qurulub”.
Daha sonra H. Hacıyev Azərbaycanın Ermənistanla bağlı gələcək siyasətinə də toxunub: “Biz regionda ədalət prinsiplərinə söykənən, bir-birimizin ərazi bütövlüyünü və suverenliyini tanıyan və bir-birimizə qarşı bütün ərazi iddialarına son qoyaraq yeni regional təhlükəsizlik arxitekturasını qurmaq istərdik”.
O qeyd edib ki, Bakı iki ölkə arasında qarşılıqlı təması dəstəkləyir: “Düşünürəm ki, biz sülh razılaşmasına gəlməliyik. Digər tərəfdaşlar da bu razılaşmanı dəstəkləyə bilər. Əvvəla, sülh və regional təhlükəsizlik Brüsseldə deyil, Parisdə deyil, Vaşinqtonda deyil, Moskvada və ya başqa yerdə deyil. Sülh bölgənin özündədir”.(report)