Möhtərəm Prezidentin 31 iyul 2023-cü tarixli "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəmcamına əsasən 20 noyabr Ağdam Şəhəri Günüdür.
1993-cü ildə işğal zamanı 6 mindən çox şəhidin həyatını, 5 minə yaxın insanın sağlamlığını itirdiyi Ağdam, düzgün hərbi-siyasi strategiyanın məntiqi yekunu olaraq bir güllə atmadan geri alındı. Daha doğrusu, Prezident İlham Əliyevin qətiyyəti və ordunun gücü hesabına erməni Ağdamı rüsvayçı formada boşaltmağı kapitulyasiyanın şərtlərindən biri kimi qəbul etməyə məcbur oldu. Beləliklə, Ağdamın işğaldan azad olunması yalnız hərbi qələbə yox, həm də böyük siyasi nailiyyət kimi qiymətləndirilməlidir.
Qarabağın ən böyük yaşayış məskənlərindən biri olmuş, lakin işğal dönəmində yerlə-yeksan edilmiş Ağdam 30 il ruhlar şəhəri olub. Erməninin bu qədim Azərbaycan yurduna yeganə töhfəsi 100 mindən çox mina olub, daha dəqiq desək, havadarlarının dəstəyi fonunda Ermənistanın dövlət səviyyəsində dəstəklədiyi müharibə cinayətlərinin nəticəsi olaraq Ağdam və ətraf ərazilər 27 il ərzində fasiləsiz minalanıb. Ən dəhşətlisi isə daşa-divara qənim kəsilən Ermənistanın urbisid əməlləri ekosidlə müşayiət olunub və nəticədə yaşıllıqlar şəhəri Ağdamda flora və fauna, demək olar ki, məhv edilib. 27 il daşı-daş üstünə qoymayan Ermənistandan fərqli olaraq, Azərbaycan bu torpaqların əsl sahibi kimi Ağdamı yenidən inşa etməkdədir. Bildiyiniz kimi, işğala son qoyulmasından cəmi 6 ay sonra elə Ağdamda şəhərin baş planı Prezident İlham Əliyevə təqdim olunub. 2022-ci ilin avqustunda isə Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair baş planı təsdiq edilib. Beləliklə, Ağdam Cənubi Qafqazın ən müasir, ən insanyönümlü şəhərlərindən biri və bəlkə də, birincisi kimi yenidən dirçəlməkdədir.
Azadlığın mübarək, Ağdam!
Bəhruz Məhərrəmov-Milli Məclisin deputatı