Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq

Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq


Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən, 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub. Bu, tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təqdirəlayiq bir təşəbbüsdür.
Qeyd etmək lazımdır ki, Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Ağdamın ərazisinin 73 faizi 1993-cü il 23 iyul tarixində Ermənistan tərəfindən işğal olunduqdan sonra, Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilmişdir”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası da 853 saylı qətnamə qəbul etdi. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili bildirib ki, işğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətdi:

"Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ilə ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirdi.

Nəhayət, 2020-ci ilin noyabrında Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanaraq, Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində üçtərəfli bəyanatın imzalanmasına nail oldu. Həmin bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi. Bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı".

Deputat qeyd edib ki, bundan bir neçə gün sonra 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi:

"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olundu.

Bu gün işğaldan azad olunmuş Ağdam erməni vandalizminin şahididir. Təsadüfi deyil ki, işğaldan azad edilmiş Ağdamı görən xarici və yerli jurnalistlər onu Qafqazın Xirosiması adlandırıblar.

2021-ci ilin 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam tamamilə bərpa olunacaqdır. Artıq Ağdamda ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının, “Park Forest Otel Ağdam” və “City Hotel Agdam” mehmanxanalarının, yeni yaşayış komplekslərinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı, Kəngərli, Sarıcalı kəndlərinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimləri keçirilib və onların tikintisi üzrə işlər sürətlə davam etdirilir".

Deputat sonda onu da deyib ki, hazırda Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işləri gedir:

"Artıq burada Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilib. Bütün bunlar göstərir ki, Azərbaycan tezliklə Ağdamı yenidən quracaq və onun əvvəlki şöhrətini bərpa edəcəkdir".

R.Mehdiyeva
Xəbəri paylaş