"Ermənistanın kiminlə nə saziş imzalaması Azərbaycan üçün əhəmiyyət kəsb etmir. Ermənistan özü bilər kiminlə nə imzalayır. Nə qədər ki, bu sazişlər Azərbaycanın maraqlarına zidd olmayacaqsa".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov Ermənistanla Avropa İttifaqı arasında Aİ missiyası barədə imzalanmış sənədə münasibət bildirərkən səsləndirib. Politoloq deyib ki, Aİ əgər bu missiya adı altında Ermənistana yerləşmək istəyirsə, bundan Rusiya narahat olsun, hansıki Ermənistan Rusiya ilə hələlik müttəfiq ölkədir və bu müttəfiqliyi sonlandırmağa çalışır görüntüsü yaradır:
"Aİ qüvvələrinin Ermənistanda qalıcı olması o demək deyildir ki, onlar Ermənistan əsgərinin yerinə sərhəddə ölməyə gəliblər. Onlar orda müşahidə adı altında kəşfiyyat fəaliyyəti üçün gəliblər".
Azər Qasımov vurğulayıb ki, Azərbaycanın da sərhəddə "kəşf" ediləcək elə bir gizli fəaliyyəti yoxdur:
"Bundan İran və Rusiya daha çox narahat olacaqlar. Azərbaycan üçün isə kimin onunla Ermənistan sərhəddində üz-üzə dayanmasının qorxusu yoxdur. Azərbaycan bu dövrü çoxdan keçib. Sərhədə kim gəlirsə, Azərbaycandan qorxduqları üçün ora gəlirlər. Amma Azərbaycan öz işini görüb. Kimsəyə qorxu gəlmək fikri yoxdur. Azərbaycanın əsas işi işğaldan azad edilmiş əraziləri bərpa etmək, əhalini geri qaytarmaqdır. Kimlərinsə buynuzu gicişməyincə Azərbaycan öz çomağını onların başına vuran deyil".
Anar Əliyev