Artıq bir müddətdir ki, növbəti parlament seçkiləri ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Bir çoxları bu dəfəki seçkinin də növbədənkənar olacağını iddia edir, bəziləri isə seçkilərin zamanında baş tutacağı qənaətindədir.
Seçki ətrafında söz-söhbətlərin yayıldığı bir ərəfədə bir çox deputatlar öz fəaliyyətlərinə yenidən nəzər salmaq məcburiyyətində qalıblar. Təbii ki, burada söhbət VII çağırış Milli Məclisdə təmsil olunması qeyri-mümkün görünən deputatlardan gedir. Bəs görəsən hansı deputatlar növbəti parlament seçkilərində mandatsız qalacaq?
Newscenter.az-a daxil olan xəbərə görə, mandatsız qalacaq deputatlar sırasında ilk yerdə Səttar Möhbalıyevin adı çəkilir. Həm də Azərbaycan Həmkarlar Konfederasiyasının sədri olan Möhbalıyevin mandatsız qalmasına bir neçə səbəb göstərilir. Məlumata görə, artıq yuxarı dairələrdə də hazırda 70 yaşına az qalmış Möhbalıyevin fiziki baxımdan yorulduğu, bundan sonra qanunverici orqanda fəaliyyət göstərə bilməyəcəyi qənaəti formalaşıb. Nəticə etibarilə, Səttar Möhbalıyevin VII çağırış Milli Məclisdə təmsil olunmamaq qərarı verilib.
Möhbalıyevin mandatsız qalmasını şərtləndirəcək ikinci məqam isə siyasi amillərlə bağlıdır. Hər kəsə bəllidir ki, Möhbalıyev zamanında Prezidentin keçmiş köməkçisi Əli Həsənovla qohumluq əlaqələrinə malik olub. Məhz bu qohumluq əlaqələri Möhbalıyevin 2020-ci ilin parlament seçkilərində sabiq PA rəhbəri Ramiz Mehdiyevin müəyyən etmiş olduğu siyahı ilə deputat mandatı qazanmasına vəsilə olub. Düzdür, Ramiz Mehdiyev 2019-cu ilin oktyabr ayında vəzifəsindən azad edilib. Ancaq 2020-ci il parlament seçkilərinə qeyri-rəsmi olaraq 2019-cu ilin ortalarından start verildiyi və vəzifədən çıxana qədər “boz kardinalın” deputat seçiləcək şəxslərin siyahısını müəyyənləşdirdiyi də şübhəsizdir. O da qaçınılmazdır ki, Möhbalıyev məhz ənənəvi olaraq Həsənov vasitəsilə Mehdiyevin deputatları siyahısında yer alıb. Ona görə də bu dəfəki seçkilərdə AHK sədrinin mandatsız qalacağı bildirilir. Yaş amilindən daha çox siyasi amilin Möhbalıyevin mandatsız qalmasında rol oynayacağı istisna edilmir. Çünki AVP sədri Fəzail Ağamalı 73 yaşında VI çağırış Milli Məclisin deputatı seçilib.
Növbəti seçkilərdə mandatsız qalacaq deputatlardan biri də 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə seçilmiş Məzahir Əfəndiyevdir. Əfəndiyevin də mandatsız qalmasına səbəb olacaq amil Mehdiyev faktorudur. Məzahir Əfəndiyevin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının mərhum rektoru Seyfəddin Qəndilovla qohumluq əlaqələrinə malikdir. Mərhum Qəndilovun da Mehdiyevlə yaxınlıq əlaqələri hər kəsə bəlli idi. Ramiz Mehdiyevin işıq üzü görən kitablarının əksəriyyətində mərhum Qəndilovun dəstixətti olub. Məhz bu yaxınlıq əlaqələri Məzahir Əfəndiyevin Seyfəddin Qəndilovun vasitəsilə Mehdiyevin deputatları siyahısına düşməsində mühüm rol oynamışdı.
Məzahir Əfəndiyevin mandatsız qalmasına səbəb olacaq digər amil seçicilərinin ondan heç də razı qalmamasıdır. Belə ki, zaman-zaman sözügedən seçki dairəsindən olan seçicilər Məzahir Əfəndiyevin fəaliyyətindən şikayətləniblər. Seçiciləri arasında Məzahir Əfəndiyev vəd verib, lakin vədinə əməl etməyən deputat kimi xarakterizə edilir.
Məzahir Əfəndiyev barəsində yuxarı dairələrdə məlum qərarın verilməsinə səbəb olan amillərdən biri də deputatın şəhid ailələri vasitəsilə özünü reklam etməsidir. Daha dəqiq desək buna çox ucuz və şəhid ailələrini aşağılayan, ancaq Əfəndiyevin maraqlarına xidmət edən reklam da deyə bilərik. Belə ki, deputat şəhid ailələri ilə keçirdiyi görüşlərdə onlara 30-35 manatlıq divar saatı hədiyyə etdiyini də “tarixin yaddaşına” köçürür. Əfəndiyev şəhid valideyninin əlində saat tutmaqla şəkil çəkdirir ki, bu da istər deputatın seçiciləri arasında, istərsə də yuxarı dairələrdə normal qarşılanmayıb. Həm bu, həm də Mehdiyev amilindən dolayı bu dəfəki seçkilərdə Əfəndiyevin mandatdan məhrum olmasına qərar verilib.
Ardı var
Anar Əliyev