Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanda demokratik proseslər sürətlə inkişaf etməyə başladı. Siyasi plüralizmin nəticəsi kimi Azərbycanda da müxtəlif partiyalar yaranmağa, siyasi hərəkata qoşulmağa başladı. Etiraf edilməlidir ki, yaradılan hər partiya dövlətçilikdə siyasi nüvuz qazana bilmirdi. O vaxtlarda Azərbaycan ictimaiyyəti böyük siyasi potensiala malik, cəmiyyəti dövlətçilik naminə səfərbər etməyə qadir bir partiyanın yaranacağına ümid edirdi. O partiya yaradıldı. 1992-ci ilin oktyabr ayının 16-da 91 nəfər ziyalının (bu rəqəm neçə-neçə yüzləri, minləri ümumiləşdirən rəqəm kimi anlaşılmalıdır) müraciətinə cavabında böyük tarixi şəxsiyyət Heydər Əliyev demişdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi.
Təsis konfransında partiyanın Nizamnaməsi və Proqramı qəbul edildi. Konfransda böyük tarixi şəxsiyyət, siyasət fenomeni Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Bu, tarixi hadisə idi. Nə səviyyədə tarixi hadisə olduğu illər keçdikcə daha həssaslıqla, daha dürüstlüklə təsdiqləndi. Cəmiyyət gerçək siyasi qüvvəni – Yeni Azərbaycan Partiyasını tanıdı...
Yeni Azərbaycan Partriyası zamanın partiyası kimi fəaliyyətə başladı. Zamanın partiyası dövlərçiliyin partiyası idi, xalqın partiyası idi, gələcəyin partiyası idi. Bu partiya milli ruhun siyasi nüfuzu kimi fəaliyyət göstərəcəkdi...
Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.
Xalq Yeni Azərbaycan Partiyasının (YAP) fəaliyyətini görürdü, duyurdu, bu və ya digər siyasi proseslərə onun hüquqi müdaxiləsi həmişə bəşəri müdaxilə olurdu. Xalq onun fəaliyyətinin mahiyyətini gördü də, yaşadı da, yaşadır da.
Yeni Azərbaycan Partiyası cəmiyyətin başlıca siyasi təsisatlarından biridir. Onun siyasi platforması dövlətçiliyin əsasları ilə, qanunçuluqla, azərbaycançılıqla, vətəndaş həmrəyliyi ilə, sosial ədalət prinsipləri ilə, bəzi məqamlarda milli mentalitetlə səsləşir. Bu partiya məfkurənin partiyasıdır..
YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev YAP-ın VII qurultayında dedi: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”.
Cəmiyyət kimi siyasi partiyalar da inkişaf edir. Bu inkişaf təkcə kəmiyyətlə bağlı deyil. Bu inkişaf partiyanın siyasi prosesləri hansı səviyyədə nəzarətdə saxlamağa qadir olması ilə müəyyənləşdirilir.
YAP-ın 2021-ci il martın 5-də VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfərdən ibarət İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edildi. Hazırda YAP-ın 720 830 üzvü var. Bu, böyük rəqəmdir, bu, böyük güc deməkdir.
İctimai təşkilatlar da, siyasi partiyalar da xalqın etimadı ilə əhatələnəndə, xalqın iradəsinin icraçısı olanda dövlətçilik üçün daha səmərəli fəaliyyət göstərir. Dövlətçilikdən uzaq düşən siyasi partiyalar cəmiyyətdə etibarını, deməli, yaşamını itirir. Bu baxımdan YAP-n fəaliyyəti bilavasitə dövlətçiliyin möhkəmləndirilməsinin cəfakeşidir.
Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il martın 5-də Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Bu təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycanlı qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşdı. Azərbaycan ictimaiyyəti bunu tarixi zərurət bildi...
YAP-ın ideya istiqaməti, məfkurəvi mahiyyəti dövlətə, dövlətçiliyə sədaqətdir. Partiyaya aid olan bu tezislər onun hər bir üzvü üçün mütləq yerinə yetirilməli başlıca vəzifədir; dövlətçiliyə, dövlətə sədaqət hər bir partiya üzvünün ilkin öhdəliyidir, yerinə yetirməli olduğu vəzifə borcudur.
YAP xalqın partiyası kimi yaradılıb. Xalq iqtidarı müəyyənləşdirdi, indi bu partiya iqtidar partiyasıdır. Bu baxımdan iqtidarla xalq arasında həmişə səmimi dialoqlar olub, var, həmişə də olacaq. YAP-ın VII qurultayı bir neçə məqamla xarakterikdir. Bu qurultayda qəbul edilən qərarlar istər partiyanın gələcək fəaliyyətini, istərsə də cəmiyyətdə “iqtidar-xalq” münasibətlərinin daha da səmimiləşməsini stimullaşdırdı.
VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünün, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlangıcı oldu. YAP xalqın iradəsinin ifadəçisi kimi cəmiyyətin problemlərinin həllində ideoloji sipər funksiyasını yerinə yetirdi. Ən böyük problem torpaqların işğalı idi və YAP bu işğalı sonlandırmağı Azərbaycan dövlətinin yerinə yetirməli olduğu vəzifə elan etdi. Bu vəzifənin yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər həm dövlətin xarici siyasətini stimullaşdıırdı, həm də ordunun güclənməsini təmin etdi.
Prezident seçkilərindən sonra ölkə başçısı cənab İlham Əliyevin müəyyənləşdirdiyi siyasi proqram mərhələlərlə, uğurla yerinə yetirildi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusu işğalı sona çatdırdı.
Yeni Azərbaycan Partiyasının qəbul edilmiş 5 fəsildən ibarət yeni proqramı (“Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”,
“Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya”) fəaliyyətin yeni, dövlətçilik baxımından daha gərəkli istiqamətlərini müəyyənləşdirib. Bu Proqramda Heydər Əliyev yolu; müstəqillik;azərbaycançılıq;dövlətçilik; qanunun aliliyi; varislik və təkamül; konstruktiv əməkdaşlıq və dialoq; sosial ədalət və insan amili; multikultural cəmiyyət; demokratik ənənələrin inkişafı kimi istiqamətlər müəyyənləşdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz”. Bu kəlamlar cəmiyyətin daha dinamik inkişafını şərtləndirən tezisdir. Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitini başlıca şərt bilir. Açıq və etibarlı münasibətlərin dönməzliyinə xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir.
Noyabrın 21-i xalqın partiyası kimi fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsinin 31-ci ildönümüdür. Bu, xalqın adından təbrik ediləsi gün kimi tarixləşib...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı