Prezident Rəcəb Tayyib Ərdoğan Əlcəzairə rəsmi səfərə gedir.
Newscenter.az Türkiyə Prezidentinin İnformasiya İdarəsinə istinadən bildirir ki, Əlcəzair Demokratik Xalq Cümhuriyyətinin sədri Əbdülməcid Tebbunun dəvəti ilə baş tutacaq səfər zamanı Ərdoğan Türkiyə ilə Əlcəzair arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının İkinci Toplantısında iştirak edəcək.
İki ölkə liderinin görüşü çərçivəsində aparılacaq müzakirələr zamanı son vaxtlar ciddi şəkildə inkişaf edən Türkiyə-Əlcəzair əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlər, xüsusilə də İsrailin Qəzzaya və işğal olunmuş Fələstin torpaqlarına hücumları ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər zamanı keçiriləcək görüşlərin nəticəsi olaraq müxtəlif sahələri əhatə edən saziş və anlaşma memorandumlarının imzalanması da nəzərdə tutulur.
Anar TAGİYEV