Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan özü üçün təhlükəsizlik yastığı formalaşdırmağa çalışır

Ermənistan özü üçün təhlükəsizlik yastığı formalaşdırmağa çalışır


"Avropa İttifaqının mülkü missiyasının Ermənistanda yerləşməsi məsələsi keçən ilin oktyabrında Praqada razılaşdırılıb. Həmin vaxt missiyanın həm Ermənistan, həm Azərbaycan ərazisində fəaliyyət göstərməsi gündəlikdə idi. Lakin Azərbaycan bundan haqlı olaraq imtina etdi və nəticədə Ermənistan üzv olduğu KTMT-nin onun təhlükəsizliyini təmin edə bilməməsi bəhanəsi ilə missiyanın öz ərazisində yerləşməsinə razılaşdı.

Missiyanın ilki olaraq 50 nəfərdən ibarət olacağı deyilsə də sonradan bu rəqəm 100-ə qaldırıldı. Bu ilin fevralından isə say tərkibi yenidən artırıldı. Bu gün Ermənistanda olan Avropa İttifaqı müşahidə missiyasının konkret sayı haqqında heç nə deyilməsə də həmin sayın nəzərdə tutulduğundan qat-qat artıq olduğu məlumdur. Üstəgəl həmin missiya artıq ilk dövrlərlə olduğu kimi heç də mülki şəxslərdən ibarət deyil. Missiyanın tərkibi elə formalaşıb ki, artıq yarım hərbiləşdirilmiş missiyası statusunda çıxış edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə Ermənistanla Avropa İttifaqı arasında Aİ missiyasının stratusu barədə imzalanmış sazişi şərh edərkən səsləndirib. Politoloq deyib ki, qarşısına Rusiyanın Ermənistan ərazisindən çıxarılması öhdəliyi qoyulmuş Ermənistan hər nə qədər də bu missiyanın Azərbaycan gələcək təhlükələrlə bağlı olduğunu desə də, əslində missiyanın məqsədi Rusiyadan gələ biləcək təhlükələrlə bağlıdır:

"Məlumdur ki, Ermənistanın təhlükəsizliyi böyük ölçüdə Rusiyadan asılıdır. Bu ölkədəki Rusiya hərbi bazaları Ermənistan sərhədlərinin mühafizəsini həyata keçirir. Və Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda Ermənistanın ABŞ və Avropanın təzyiqi ilə KTMT-dən çıxma, eləcə də ərazisindəki Rusiya hərbi bazalarının çıxarılması ilə bağlı qərarlar qəbul edə bilər. Belə olacağı halda Rusiya tərəfindən təzyiqlər qaçılmaz olacaq. Odur ki, Ermənistan həmin təzyiqləri dəf edə bilmək məqsədilə yeni havadarlarının köməyi ilə özü üçün təhlükəsizlik yastığı formalaşdırmağa çalışır".

Yusif Bağırzadə deyib ki, Müşahidə Missiyasının statusu ilə bağlı sazişin imzalanması da missiyaya yeni üzvlərin qəbulu və fəaliyyət sahəsinin genişləndirilməsi ilə bağlıdır:

"İmzalanan sazişi Ermənistan tərəfindən xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan, Avropa İttifaqı adından isə Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos imzalayıblar. V. Maraqos bu müqavilənin Azərbaycanla müharibədən sonra Ermənistanda müşahidələr aparan nümayəndə heyətinin hüquqi statusa malik olması üçün imzalandığını deyib. Onun çıxışında “bu missiya artıq Ermənistana sabitlik və təhlükəsizlik baxımından böyük töhfələr verib. Bu gün imzaladığımız status sazişi missiyanın ölkədə olması ilə bağlı müxtəlif hüquq və vəzifələrin tənzimlənməsi ilə bağlı daha çox hüquqi müəyyənlik gətirməyə kömək edəcək” deməsi də əslində “siz Rusiyadan imtina edin, biz sizin təhlükəsizliyi təmin edəcəyik” mesajının verilməsi deməkdir. V.Maraqos Ermənistan tərəfində xidmət edən missiyanın missiya sahəsini genişləndirmək üçün İrəvanla razılaşdıqlarını da açıq şəkildə bəyan edib. Onu da deyim ki, söhbət heç də yalnız missiyasının sahəsinin genişləndirilməsindən deyil, həm də missiyada iştirak edən dövlətlərin sayının artmasından gedir. Məsələn, Kanada artıq missiya heyətinin tərkibinə qoşulub və digər ölkələrin də bu tərkibə qoşualacağı sirr deyil".

Sonda Yusif Bağırzadə "Amma açığını deyim ki, haqqında danışılan missiyanın tərkibində hansı ölkələrin hansı sayda olmasından asılı olmayaraq bu missiyanın Ermənistanın təhlükəsizliyini təmin etmək iqtidarında olduğunu düşünmürəm. Çünki Rusiya özünün Cənubi Qafqaz maraqlarından imtina etməyəcəyini dəfələrlə ən müxtəlif platformalardan bəyan edib. Başqa sözlə desək əgər Rusiya Ermənistanla bağlı hər hansı addım atmaq istəsə, orada hansı missiyanın olmasından asılı olmayaraq bu addımları atacaq. Nəticədə itirən isə Ermənistan olacaq. Çünki ortada Gürcüstan və Ukrayna təcrübəsi var".

Anar Əliyev
Xəbəri paylaş