“Dünənin, bu günün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyası (YAP) fəaliyyətinin 31 ilini yalnız və yalnız xalqa, dövlətə xidmətdə olub. Məhz bu xüsusisyyətinə görə Yeni Azərbaycan Partiyası xalqın partiyası hesab edilir. Tam əminliklə deyə bilərik ki, Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü İqbal Məmmədov səsləndirib. YAP-ın müstəqilliyin ilk illərində, çətin tarixi, siyasi bir dövrdə təsis olunduğunu diqqətə çatdıran millət vəkili həmin dövrdə Yeni Azərbaycan Partiyasının yaradılmasına ciddi maneələr təşkil edildiyini diqqətə çatdırıb. Millət vəkili deyib ki, bütün bu maneələrə baxmayaraq müqəddəs yola çıxmış insanlar Yeni Azərbaycan Partiyasını təsis etməyə nail oldular:
“Yeni Azərbaycan Partiyası siyasi plüralizmin əməldə deyil, sözdə mövcud olduğu bir dövrdə təsis edildi. Baxmayaraq ki, o zaman hakimiyyətdə təmsil olunan qüvvələr ölkədə fikir və söz azadlığının, siyasi plüralizmin mövcud olduğunu ifadə edirdilər. Ancaq əməldə buna riayət edilmirdi. Ölkədə alternativ siyasi təsisatların yaradılmasına maneçilik törədilirdi. Yeni Azərbaycan Partiyasının toplantılarına müdaxilələr edilir, onun təşkilatlanmasına əngəl törədirdilər. Çünki dəqiq bilirdilər ki, ümummilli lider Heydər Əliyev qısa müddətdə Yeni Azərbaycan Partiyasını hakimiyyət partiyasına çevirəcək”.
İqbal Məmmədov deyib ki, bütün maneələrə baxmayaraq 1992-ci il, noyabr ayının 21-də Yeni Azərbaycan Partiyası təsis edildi:
“Yeni Azərbaycan Partiyası həmin dövrdə yaranan yeganə partiya idi ki, xalq dövlətin, millətin gələcəyini bu partiyada görür, ona üzv olmağa çalışırdılar. Çünki bu partiyaya dərin siyasi biliklərə malik, uzaqgörən siyaətçi ümummilli lider Heydər Əliyev rəhbərlik edirdi. Elə xalqın ümummilli liderə olan inamı, güvəni idi ki, 1993-cü ildə xalq ulu öndərin Bakıya siyasi hakimiyyətə qayıtmasını istədi və həmin il də onu prezident seçdi. Partiyanın təsis olunmasının 3-cü ilində isə YAP parlament seçkilərində qələbə qazanaraq hakim partiyaya çevrildi”.
İqbal Məmmədov, “Bu gün Yeni Azərbay Partiyası Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında öz uğurlu fəaliyyətini və Ulu Öndərin ideyalarını uğurla davam etdirir. Xalqın YAP-a olan inamı, sevgisi sayəsində hakim partiya bundan sonra da öz siyasi mövqeyini qoruyub saxlayacaq və Azərbaycana daha neçə-neçə uğur və nailiyyətlərə aparacaq”,-deyə bildirib.
Anar Əliyev