"Azərbaycan dövləti olaraq biz hər zaman etnik, dini və mədəni tellərlə bağlı olduğumuz İraq Respublikası ilə əlaqələrin inkişafına xüsusi önəm vermişik. Bu əlaqələr uzun tarixə malikdir. Hətta Sovet İttifaqı dönəmində belə İraqın Bakıda konsulluğunun fəaliyyət göstərməsi Azərbaycan – İraq münasibətlərinə nə qədər önəm verilməsini özündə əks etdirirdi".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu əlaqələr getdikcə inkişaf edib:
"2 yanvar 1992-ci il tarixində İraqın Azərbaycan Respublikasının müstəqilliyini tanımasından və 1992-ci ilin mart ayının 30-dan, yəni iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonrakı dövrdə ölkələrimiz arasındakı siyasi dialoqun səviyyəsi də hər keçən gün daha da inkişaf edib. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirib. BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləmişik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə etmişik.
Məlumdur ki, indiyə qədər Azərbaycan Respublikası ilə İraq Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 5 sənəd imzalanmış, 20 may 2011-ci il tarixindəisə Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya yaradılmışdır. İndi isə İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri və səfər çərçivəsində imzalanan sənədlərin Azərbaycan-İraq münasibətlərində yeni səhifə açacağı şübhəsizdir".
Yusif Bağırzadə onu da qeyd edib ki, bu səfər diplomatik əlaqələrimizin tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri idi:
"Səfər zamanı sosial müdafiə, turizm, rəqəmsal texnologiya və nəqliyyat sahələrini təmsil edən qurumlar arasında memorandumun, hər iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumunun və iki ölkə arasında hava əlaqəsi haqqında sazişin imzalanması da ölkələrimiz arasında münasibətlərdə artan dinamizmin göstəricisi olaraq qəbul oluna bilər.
Hər iki ölkə rəhbərinin səfərin yekunları ilə bağlı mətbuat konfransında cənab Prezident İlham Əliyevin də dediyi kimi cari səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq".
Politoloq deyib ki, dövlətimizin başçısı çıxışı zamanı regionda mövcud durum, Azərbaycan-Ermənistan münasibətlərindəki hazırki vəziyyət və ümumiyyətlə 1990-cı ildən bəri Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı tarixi həqiqətlərlə bağlı da geniş məlumat verdi. Bu da ondan irəli gəlirdi ki, İraq Prezidenti ölkəmizə səfərini başa vurduqdan sonra Ermənistana səfər edəcəkdi və həmin səfər artıq baş tutub:
"Prezidetn aparılan son anti-terror əməliyyatları barədə də məlumat verdi və Yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə Azərbaycan tərəfindən aparılmış antiterror tədbirinin mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq nöqteyi-nəzərindən ölkəmizin örnək hesab oluna biləcəyini də vurğuladı. Həqiqətən də 24 saatdan az davam edən və xunta rejiminin suqutu ilə nəticələnən əməliyyat zamanı və mülki əhali arasında hər hansı bir itkinin olmaması hər kəs üçün bir nümunə hesab oluna bilər.
Prezidentin yekun bəyanatında Fransanın Cənubi Qafqazda oynadığı destruktiv rola da toxunaraq Ermənistanın Fransa hökumətinin marionetinə çevrildiyini və bunun regional sabitliyə ciddi təhlükə olduğunu da vurğuladı. Həqiqətən də Qərbin bir sıra ölkələrinin, xüsusilə Fransanın beynəlxalq hüquqa zidd hərəkətləri Cənubi Qafqazda yeni münaqişə ocaqlarının alovlanması ehtimalını artırır. Ermənistanın öz gələcəyini bütün tarixi boyu müstəmləkə siyasəti yeridən Fransa kimi ölkələrin ambisiyaları üzərində qurmasının bu ölkəyə fəlakətdən başqa bir şey gətirməyəcəyi şübhəsizdir.
Prezidentin bəyanatı konkret mesajlarla da yadda qaldı. “Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz” deyən ölkə başçısı bununla Cənubi Qafqazda öz maraqlarının təmin etmək üçün bütün mümkün vasitələrlə bizə təzyiq göstərməyə çalışan hər kəsə mesaj göndərmiş oldu".
Anar Əliyev