Müntəzəm olaraq ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığəna qəbul edilməsi prosedurları həyata keçirilir. Bu səlahiyyət Azərbaycan Respublikasının Prezidentinə xas olsa da, lakin buna qədər müəyyən prosedurlar həyata keçirilir.
Bəs görəsən Azərbaycan Respublikasının vətəndaşlığına hansı hallarda qəbul edilir?
Newscenter.az-ın xxəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyib ki, Azərbaycan Respublikasının ərazisində son 5 il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, AR-nın Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə AR-nın dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq öz vəsatəti ilə AR-nın vətəndaşlığına qəbul edilə bilər. Onun sözlərinə görə, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin AR-nın ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır:
"AR-nın ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini 3 aydan çox olmayan müddətə tərk etmiş olsun. Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər son 5 il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşamaq müddəti nəzərə alınmadan AR-nın vətəndaşlığına qəbul edilə bilərlər. Şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda. Belə şəxslər üçün onu AR-a dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti tələb olunur. Şəxs AR üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda. Belə ki, şəxsin AR-nın qarşısında xüsusi xidmətləri olduqda AR-nın vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs AR-nın Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, AR-nın ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa qəbul haqqında vəsatəti AR-nın Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən rədd edilir".
Anar Əliyev