Bu günlərdə İraq prezidenti Azərbaycanda rəsmi səfərdə oldu. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi səfər çərçivəsində tərəflər arasında bir sıra sahələri əhatə sazişlər imzalandı.
Newscenter.az-ın xəbərinə görə, Bakı ilə Bağdad arasında münasibətlərə diqqət çəkən Yeni Azərbaycan Partiyasının üzvü Gündüz Atakişiyev deyib ki, Azərbaycanla İraq Respublikası arasında münasibətlər qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır. Onun sözlərinə görə, hər ikisi müsəlman ölkəsi olan Azərbaycanla İraq Respublikası arasında illərdən bəri davam edən dostluq münasibətləri qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır:
"Noyabrın 20-də ölkəmizdə rəsmi səfərdə olan İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Prezident İlham Əliyevlə geniş tərkibdə və təkbətək görüşlərində qarşılıqlı əlaqələrin tarixi əhəmiyyətindən danışılmış, ticarət, iqtisadiyyat və enerji sahələrindəki əməkdaşlıq məsələləri geniş müzakirə olunmuşdur. Görüşlərin nəticələrini mətbuata bəyanatlarında açıqlayan, qarşılıqlı etimada əsaslanan Azərbaycan- İraq münasibətlərini yüksək dəyərləndirən dövlət başçıları bu səfəri, ikitərəfli əlaqələri çox əlamətdar hadisə adlandırmışlar".
Anar Əliyev