Bu gün işğaldan azad edilmiş hər bir şəhər və rayon kimi Kəlbəcər də yenidən qurulur, abadlaşdırılır, yeniləşir. Qarşıdan gələn Kəlbəcər Şəhər Günündə burada yeni-yeni infrastruktur obyektlərinin istifadəyə veriləcəyi, daha bir neçə təməlqoyma mərasiminin baş tutacağı da istisna edilmir.
Elə Yeni Azərbaycan Partiyasının üzvü Gündüz Atakişiyev də bu qənaətdədir. Newscenter.az-ın xəbərinə görə, hakim partiya üzvü deyib ki, bu qədim yurd yerimizin işğaldan azad olunması həm də bütün dünyanın yaddaşında Azərbaycan xalqının humanistliyi, əsilzadəliyi, insanpərvərliyi ilə qaldı:
"Kəlbəcərin işğaldan azad olunması ilə xalqımız iki böyük qürurlu səhifə açdı müasir tariximizdə: Kəlbəcər 27 illik işğaldan azad olundu. Azərbaycan xalqı bu yurdu 27 il əsarətdə saxlayan, sərvətlərini talayan, obyektləri, evləri uçurub-dağıdan düşmənə bu torpaqdan çıxması üçün 10 gün daha vaxt verdi".
Gündüz Atakişiyev deyib ki, tək bu fakt 44 günlük Vətən müharibəsində Azərbaycan haqqında bəzi xoşagəlməz fikirlər yürüdən dövlətlərə çox dəyərli cavabdır:
"Üçtərəfli razılaşmaya əsasən noyabrın 15-də Kəlbəcərdən çıxmalı olan düşmənə 10 gün vaxt verilməsi ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasətində xüsusi bir mərhələni təşkil edir. O mərhələ ki bu addımla Azərbaycan xalqının kimliyini bir daha dünyaya bəyan etdi".
Anar Əliyev