"Bir neçə gün əvvəl İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri və Prezident İlham Əliyevin həmin səfərlə bağlı noyabrın 20-də mətbuata verdiyi bəyanat dünya mediasının diqqət mərkəzində oldu.
Qeyd etmək lazımdır ki, bu, 1992-ci ildə yaradılmış diplomatik əlaqələrimizin tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri idi. İnanırıq ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili bildirib ki, hər iki ölkə müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir, BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik:
"Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda bildirdi ki, biz suverenliyimizi bərpa etmişik və indi Azərbaycan Bayrağı ərazimizdə hər yerdə dalğalanır. Ermənistandan təklifimizə dair qeydləri gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib.
Dövlət başçımız diqqətə çatdırdı ki, Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüququ bərqərar etdik.
Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdır".
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev bir daha bildirdi ki, heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz:
"Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq".
"İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri çərçivəsində iki ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri arasında əməkdaşlıq, turizm sahəsində əməkdaşlıq haqqında, həmçinin siyasi məsləhətləşmələr haqqında, hava əlaqəsi haqqında və digər bir sıra mühüm sənədlər imzalandı.
İnanırıq ki, Azərbaycan-İraq əlaqələri bundan sonra da inkişaf edəcək və xalqlarımızın rifahının daha da yüksəlməsinə öz töhfəsini verəcək",-deyə deputat bildirib.
R.Mehdiyeva