"Qarabağ ətrafında Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə son qoyulduğu gündən, müharibə bitdikdən və münaqişə həllini tapdıqdan sonra, Qərb, xüsusilə də ABŞ dərhal Azərbaycana qarşı siyasətlərini dəyişməyə başladılar. Bu dəyişməkdə davam edən siyasət çox təəsüf ki, müsbət mənada olmadı və hətta, qərəzli olduğunu demək olar. Əslində okeanın o tayından ölkəmizə qarşı səslənən bəyanatların böyük əksəriyyəti yaxınlaşmaqda olan seçkilərə hesablaňır desək yanılmarıq. Bundan dolayı daxili auditoriyaya oynanılan bu bəyanatların sezonu hələ qabaqdadır demək olar".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi okeanın o tayından sərgilənən anti-Azərbaycan mövqeyinin əsl səbəbi barədə danışarkən səsləndirib. Onun sözlərinə görə, Azərbaycanın Cənubi Qafqazda qeyri sabitlik yaradan ölkə kimi qələmə verilməsi özü özlüyündə bu iddiaların nə qədər qeyri-ciddi olmasına dəlalət edir və açıq şəkildə erməni lobbisinin təsiri altında planlaşdırılan bu çirkin iddiaların əslində heç bir əsası yoxdur:
"Qarabağı öz iradəsi ilə tərk edən ermənilər üzərindən ölkəmizə qarşı əsassız böhtanlar və "Qarabağa qayıdış" konsepsiyasının hazırlanması kimi fikirlər, əslində ABŞ-ın bəzi siyasi dairələrinin nə qədər satılmış olduqlarının göstəricisidir. Onların əllərində heç bir tutarlı səbəb olmadığı halda, belə uydurma iddialar səsləndirlər və bu da sözsüz ki, maddi maraqları naminə istifadə olunur".
Çingiz Şahbazi, "Azərbaycan hökuməti öz üzərinə düşən cavabları verməkdədir və dövlət olaraq öz qamətini heç bir zaman heç bir dövlətin önündə əymədi və bundan sonra da başımızı dik tutacağıq. Artıq Azərbaycan regionun ən güclü dövlətlərindən biri olduğunu sübut edib və bunu anlayanların təzyiqləri çox kecməz ki, iflasa uğrayar. Mutləq ki, ölkəmizə qarşı bu çirkin siyasətin dəyişəcəyinə inanırıq".
Anar Əliyev