Son vaxtlar televiziya kanallarında bayağı, milli-mənəvi dəyərlərə tamamilə zidd olan verilişlərin sayı artıb. Vəziyyət o həddə çatıb ki, artıq qəbul edilən qərarlar, cəza tədbirləri də bu kimi verilişlərin qarşısının alınmasına kifayət etmir. Bu cür hal isə haqlı olaraq cəmiyyətdə ciddi etiraza səbəb olur. Elə ictimai-siyasi fəal Anar Salehoğlu da belə düşünür.
Newscenter.az-ın xəbərinə görə, o bildirib ki, televiziyalarda efirə gedən əksər sosial proqramlar cəmiyyətdəki problemləri həll etmək əvəzinə gələcəkdə həmin problemlərin daha da artmasına səbəb olacaq:
"Çünki, efirlərdə ailədə, məişətdə, fərdlər arasındakı şəxsi münasibətlərdə yaranmış ən iyrənc, qorxunc və təhlükəli məsələlər müzakirəyə çıxarılır. Bir çox insanın həyatında, ətrafında, qohum-əqrəbasında görmədiyi, rastlaşmadığı hallar efir vasitəsilə onlara göstərilir. Müxtəlif situasiyalarda çıxılmaz vəziyyətdə qalanlar isə "yeni" öyrəndikləri "yol" ilə getməyi seçirlər. Halbuki o, yolun yanlış olduğunun fərqində olmurlar və nəticələrini düşünmürlər".
Anar Salehoğlu hesab edir ki, televiziya məkanlarında yayımlanan ictimai və sosial verilişlərdə işıqlandırılan və müzakirəyə çıxarılan məsələlərə həssaslıqla yanaşılmalı, görülən işlər reytinq xatirinə deyil, cəmiyyətin ümumi problemlərinin həllinə, ailə institutlarının təməl prinsiplərinin möhkəmləndirilməsinə və ən əsası maarifləndirməyə köklənməlidir:
"Xalqımıza, vətənimizə və dövlətimizə xeyir vermək, parlaq gələcəyimizin qurulmasında qatqımız olmasını istəyiriksə sadalanan məqamlarda maksimum dərəcədə diqqətli olmalıyıq. Görünən odur ki, bizim televiziyaların məqsədi cəmiyyətə zərbə vurmaq, ümumi problemləri artırmaq və göz görə-görə gələcəyi məhv etməkdir. Biz bunumu istəyirik?!".
Anar Əliyev