TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika tibb müəssisəsində TƏBİB Akademiyası fəaliyyətə başlayıb.
Newscenter.az xəbər verir ki, klinika əməkdaşlarının (xüsusən tibbi personalın) peşə hazırlıqlarının inkişaf etdirilməsi və müəssisənin ixtisaslı kadrlara təlabatının təmin edilməsi məqsədi ilə yaradılan Akademiyada əsasən elmi praktik konfranslar, simpozium, seminar və təlimlər təşkil edilir.
Akademiyada həmçinin orta ixtisaslı müxtəlif kateqoriyadan olan əməkdaşların peşə hazırlıqlarının artırılması istiqamətində də təlimlər həyata keçirilir.
Burada rezidentlərin ixtisaslarına uyğun ilkin iş təcrübəsi əldə etmələri məqsədilə şərtlər və qaydalara uyğun olaraq onların nəzəri bilik və peşə vərdişlərinə yiyələnməsi təmin edilir.
Qeyd edək ki, TƏBİB Akademiyasında klinika əməkdaşları tərəfindən xidməti istifadə olunması məqsədi ilə kitabxana (o cümlədən elektron kitabxana) yaratmaq nəzərdə tutulur.
Bundan başqa Akademiyada digər müəssisə, idarə və təşkilatlarla bağlanmış müqaviləyə əsasən ilkin tibbi yardımla bağlı təlimlərin keçirilməsi və müvafiq sertifikatla təmini planlaşdırılır.
Nərgiz Əzizova