Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AVP İlham Əliyevin siyasi kursunun ən fəal təbliğatçılarından biri kimi fəaliyyətini davam etdirməkdədir

AVP İlham Əliyevin siyasi kursunun ən fəal təbliğatçılarından biri kimi fəaliyyətini davam etdirməkdədir


Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı partiyanın yaranmasının 33-cü ildönümü münasibətilə Anavətənçiləri təbrik edib. Newscenter-az AVP sədrinin təbrik mətnini təqdim edir:

Dəyərli Anavətənçilər!

Bu gün partiyamızın doğum günüdür. 33 il öncə Azərbaycanda geniş miqyas alan Milli Azadlıq Hərəkatında daha fəal iştirak etmək və müstəqil dövlətimizin yaradılmasına töhfələrimizi vermək üçün bir qrup həmfikirlərlə partiya yaratmaq qərarına gəldik. 24 noyabr 1990-cı ildə bu arzumuz reallaşdı və partiyamızın əsası qoyuldu. Siyasi mühitimizə qədəm qoyduğu ilk gündən başlayaraq Ana Vətən Partiyası Milli İstiqlal mübarizəsində fəal iştirak etdi və milli dövlətçiliyimizin yaranmasına öz töhfələrini verdi.

Milli istiqlalımıza nail olduqdan sonra qarşıda duran ən ümdə, ən vacib vəzifə milli dövlətçiliyimizin yaradılması idi. Lakin müstəqilliyimiz əldə edildikdən sonra bu sahədə kifayət qədər çətinliklərlə qarşılaşmalı olduq. Bir tərəfdən hakimiyyətə gələn Azərbaycan Xalq Cəbhəsi - Müsavat cütlüyünün siyasi təcrübəsizliyi, səriştəsizliyi və komandada yekdil birliyin olmaması milli dövlətçiliyimizin yaranmasında böyük və ciddi çətinliklər yaratmaqdaydı. Digər tərəfdən ölkəmizə qarşı Ermənistan və Rusiyanın təcavüzü geniş xarakter daşıyır və torpaqlarımız işğala məruz qalırdı.

Belə bir çətin zaman kəsiyində Ana Vətən Partiyası dövlətçiliyimizə təhlükə yaradan bütün hallara qarşı özünün açıq, prinsipial və qətiyyətli mövqeyini ortaya qoyur, ciddi bəyanatlar qəbul edir və bu bəyanatlar Azərbaycan xalqının bir başa maraqlarını özündə əks etdirirdi. Ana Vətən Partiyası 1992-ci ilin mart ayının 9-da mövcud ağır durumdan çıxmaq üçün Ulu öndərimiz Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi haqqında ilk rəsmi bəyanatını verdi. Bu təşəbbüs ölkənin məruz qaldığı ağır durumdan çıxarmağın yeganə yolunun Ulu öndərimizin siyasi hakimiyyətə gəlməsinin zəruriliyindən doğurdu. Biz 1993-cü ildə də mövqeyimizdə prinsipial olaraq dayandıq və Ulu öndərimizin siyasi hakimiyyətə gəlməsi uğrunda başlanmış olan ümumxalq hərəkatında fəal iştirak etdik.

Sonrakı illərdə də Ulu öndərimizin dövlətçilik quruculuğu prosesində partiyamız birmənalı olaraq onun yanında oldu, bütün çətinliklərə, təhdidlərə, təhqirlərə baxmayaraq vətəndaşlıq mövqeyini davam etdirdi.

İlham Əliyevin prezident seçilməsi təşəbbüsü də ilk olaraq Ana Vətən Partiyasından gəldi. Açıq şəkildə həm müxalifətdə, həm də iqtidar daxilində İlham Əliyevə yönəlmiş olan bütün çirkin oyunlara qarşı qətiyyətli mövqeyimizi nümayiş etdirdik. 2003-cü ildən başlayaraq bu günə qədər Ana Vətən Partiyası İlham Əliyevin siyasi kursunun ən fəal təbliğatçılarından biri kimi fəaliyyətini davam etdirməkdədir.

Biz 44 günlük müharibədə də Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, dövlətimizlə və qəhrəman silahlı qüvvələrimizlə birgə olduq və Vətən Müharibəsinin zəfərini, onun vermiş olduğu sevinci xalqımızla birgə yaşadıq. Antiteror əməliyyatının keçirilməsi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olundu. Hər bir Azərbaycanlı kimi biz Anavətənçilər də bu sevinci içindəyik.
Biz bu gün də dövlətçiliyimizin möhkəmlənməsi və onun qarşımızda qoyduğu önəmli vəzifələrin yerinə yetirilməsində siyasi fəallığımızı davam etdiririk.

Əziz Anavətənçilər!

Partiyamızın doğum günü mübarək! Sizin hər birinizi partiyamızın yaradılmasının 33 - cü ildönümü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, ailə səadəti və siyasi fəaliyyətinizdə uğurlar arzulayıram.

Fəzail Ağamalı
Ana Vətən Partiyasının sədri, millət vəkili
Xəbəri paylaş