Son vaxtlar Ermənistanda ərəb dünyasına sevgi özünü göstərməyə başlayıb. Daha doğrusu İrəvan ciddi cəhdlə ərəb ölkələri ilə əməkdaşlığı inkişaf etdirməyə çalışır. Bəs görəsən İrəvanın ərəb dünyasına olan sevgisi haradan qaynaqlanır?
Newscenter.az-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistan daha çox Səudiyyə Ərəbistanı ilə əlaqələrə üstünlük verir:
"Nikol Paşinyan Ermənistanın Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlər qurmasına niyə bu qədər can atır? O Ermənistanın müsəlman ölkələri ilə münasibətləri haqqında açıqlama verərəkən deyib ki, İrəvanın Səudiyyə Ərəbistanı ilə təmasları davam edir. Həqiqətən iki ölkənin xarici işlər naziri bir neçə dəfə görüşüblər, telefonla danışıblar. Bu danışıq və müzakirələrə baxmayaraq, Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik əlaqələr qurmağa tələsmir. Paşinyan əmindir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra İrəvan Səudiyyə Ərəbistanı və Pakistanla diplomatik əlaqələr qurmağa müvəffəq olacaq".
Politoloq hesab edir ki, bunda qeyri-adi heç nə yoxdur:
"Sülh sazişinin imzalanması həm də elə buna görə İrəvan üçün vacibdir ki, İrəvan Azərbaycanla münasibətləri normallaşdırmaqla yanaşı Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanla diplomatik əlaqələr qura bilsin".
Mehman Mehdiyev