Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tezliklə sülh prosesində aktivləşməni müşahidə edə biləcəyik

Tezliklə sülh prosesində aktivləşməni müşahidə edə biləcəyik


Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Dokertinin Cənubi Qafqaz səfəri çərçivəsində həm Ermənistana, həm də Azərbaycana gəlməsi və hər iki ölkənin liderləri ilə, XİN başçıları ilə görüşüb Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi kontekstində ortaya çıxan yeni geosiyasi reallıqlarla bağlı əsaslı müzakirələr aparması gözlənilən idi.

Çünki Ermənistan-Azərbaycan münasibətlərinin süni surətdə gərginləşdirməsi fonunda Azərbaycanın ABŞ və Fransa ilə münasibətlərinin pisləşməsi, Ermənistanın isə birmənalı olaraq ABŞ, Fransa və Avropa İttifaqının (Aİ) himayəçiliyinə sığınmaq xəttini seçməsi Böyük Britaniyanın da geosiyasi maraqlarına toxunur. Birləşmiş Krallıq Cənubi Qafqaz uğrunda güclənməkdə olan nüfuz savaşında seyrçi rolunda qalmaq istəmir.

Leo Dokertinin səfəri eyni zamanda Azərbaycan ilə sıx iqtisadi münasibətlərə malik olan Londonun ABŞ və Fransanın get-gedə artmaqda olan siyasi təzyiqləri fonunda ölkəmizi tək qoymayacağının anonsudur. Regionu yenidən müharibəyə sürükləyən ABŞ və Fransadan fərqli olaraq Böyük Britaniya Cənubi Qafqazda qalıcı sülhün bərqərar olmasının bütün tərəflərin maraqlarına cavab verəcəyi nə əmindir. Rəsmi Bakı Londonun bu mövqeyinə təqdirlə yanaşır və vasitəçilik səylərini yüksək qiymətləndirir.

Bu baxımdan, cənab Dokertinin sözügedən səfəri məhz ABŞ-Azərbaycan, Fransa-Azərbaycan münasibətlərini normal məcraya qaytarmağa və eyni zamanda Ermənistanı da destruktiv mövqedən çəkindirməyə xidmət edir. Bu səfərdən sonra Cənubi Qafqazda geosiyasi gərginliyin azalacağı, ABŞ və Fransanın anti-Azərbaycan həmlələrinin səngiyəcəyi heç kimdə şübhə doğurmur. Ümid edirik ki, tezliklə sülh prosesində də aktivləşməni müşahidə edə biləcəyik.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş