Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil müəssisələrində “Zərərli vərdişlərə birlikdə yox deyək!” layihəsinə start verilir.
Newscenter.az-ın xəbərinə görə, layihənin əsas məqsədi şagirdləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, zərərli vərdişlərin cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, təhsilalanları belə neqativ əməllərdən çəkindirmək, onların təhsilə, elmə olan marağını daha da artırmaqdan ibarətdir.
Layihə çərçivəsində “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda və digər zərərli vərdişlərlə mübarizəyə həsr olunan tədbirlərin təşkili, ümumi təhsil məktəblərinin müəllimləri, uşaq birliyi rəhbərləri, məktəb-valideyn icmasının rəhbər və üzvləri üçün “Psixotrop maddələrin insan sağlamlığına zərəri” mövzusunda seminar-məşğələlərin, “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Həmçinin risk qrupuna aid olan şagirdlərin müəyyənləşdirilməsi, psixoloji, hissi-emosional vəziyyətinə görə risk qrupuna daxiledilmə ehtimalı olan şagirdlər arasında zərərli vərdişlərə qarşı təbliğat aparılması, valideyn-övlad münasibətlərinin uşaqların sosial və duyğusal inkişafında mühüm rol oynadığını nəzərə alaraq valideynlər üçün maarifləndirici seminarların keçirilməsi planlaşdırılır.
Bundan əlavə, layihə çərçivəsində şagirdlərin ifasında maarifləndirici səhnəciklər nümayiş olunacaq, bukletlər, rəsm əsərləri, təqdimatlar, videoçarxlar, qısa animasiya filmləri, posterlər hazırlanacaq.
Eyni zamanda ixtisaslı mütəxəssislərlə məktəblilərin görüşlərinin təşkili, “Zərərli vərdişlərə birlikdə yox deyək!” mövzusunda şagird layihələrinin həyata keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, layihədə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin VII-XI sinif şagirdləri iştirak edəcək.
R.Mehdiyeva