DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Meksika Mətbəxi Günü” təşkil olunub. Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero da tədbirdə iştirak edib.
Newscenter.az-a daxil olan xəbərə görə, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova qonaqları Azərbaycan və Meksika incəsənətinə məxsus əl işlərinin yer aldığı sərgi ilə tanış edib.
Qonaqlar Mərkəzdə təlim alan sosial cəhətdən həssas əhali qruplarına aid şəxslərin müxtəlif üslublarda hazırladığı bədii oyma, təsviri incəsənət, keramika, floristika, xalçaçılıq, toxuma və tikmə nümunələrinə baxıblar.
M.V.R.Kabalyero xalqlarımız və mədəniyyətlərimiz arasındakı oxşar xüsusiyyətlər, habelə benefisiarların Meksika mədəniyyətini tanımaq istəyi ilə bağlı xoş təəssüratlarını bölüşüb.
Sonra xanım səfir Mərkəzin 15 benefisiarının iştirakı ilə master-klassda iştirak edib. Mərkəzin Kulinariya istiqaməti üzrə təlimçiləri-Azərbaycan Kulinarlar Gildiyasının rəhbəri İlkin Əkbərzadə və Azərbaycan Peşəkar Qənnadçılar Assosiasiyasının rəhbəri Eynur Nağdəliyev benefisiarlara Meksika mətbəxindən kesadilyanın hazırlanmasında köməklik göstərib.
Qonaqlara Mərkəzin təlimçiləri və benefisiarlarının ifasında Meksika folklorundan nümunələr, sevilən dünya hitlərindən ibarət musiqi nömrələri təqdim olunub.
Nərgiz Əzizova