Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən 25 il ərzində region ölkələrinin nail olduğu ən mühüm nəticələrdən biri də siyasi sabitlikdir

Ötən 25 il ərzində region ölkələrinin nail olduğu ən mühüm nəticələrdən biri də siyasi sabitlikdir


Ötən gün Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın 25-ci ildönümünə həsr olunan xüsusi Zirvə görüşü keçirildi. Mötəbər tədbirdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmilər iştirak etdlər. Zirvə görüşü Azərbaycanın təşəbbüsü ilə gerçəkləşdi.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı olan SPECA 1998-ci ildə yaradılıb. Proqrama üzv olan dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. BMT-nin belə bir mühüm Proqramı təsis etməkdə əsas məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və onların dünya iqtisadiyyatına inteqrasiyanı dəstəkləmək idi. Bəs, 25 illik zaman kəsiyindən sonra bu gün SPECA-nı uğurla baş tutmuş Proqram kimi dəyərləndirmək mümkündürmü?

Bəli, BMT-nin sözügedən Proqramı qarşıya qoyulmuş məqsədlərin icrasına tam müvəffəq olub. Bu faktı BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşünə ev sahibliyi edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də öz çıxışında təsdiqlədi: “SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. SPECA-ya üzv ölkələrdə sülhün, sabitliyin hökm sürməsi, inkişaf dövlətlərimizin və xalqlarımızın böyük uğurudur”.

Ötən 25 il ərzində region ölkələrinin nail olduğu ən mühüm nəticələrdən biri də siyasi sabitlikdir. Ölkələrimizi birləşdirən amillər arasında siyasi sabitliyin rolunu xüsusi vurğulayan dövlətimizin başçısı iqtisadi uğurlarımızın təməlində siyasi sabitlik amilinin də dayandığını qeyd etdi: “Sabitik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur”.

Cənab Prezidentin çıxışının bu məqamında SPECA-nın üzvü olan ölkələri Ermənistanla müqayisə etməsi və bu ölkənin hazırda bir neçə ağaya xidmət etdiyini vurğulaması isə gündəmə öz möhürünü vurdu. İlham Əliyev haqlı olaraq qeyd etdi ki, Ermənistan uğursuz və qeyri-müstəqil dövlətdir: “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar”.

Çıxışında Ermənistanın ölkəmizə qarşı uzun illər ərzində işğalçı siyasətini davam etdirdiyini, lakin 44 günlük İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirləri nəticəsində, 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etməyimizə, Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoymağımıza toxunan dövlət başçımız hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini bildirdi. Qeyd olundu ki, ermənilərin işğal illərində xarabalığa çevirdiyi ərazilərdə indi sıfırdan yeni şəhərlər və kəndlər inşa edilir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq. İlham Əliyev Qarabağın bərpasına Qazaxıstan və Özbəkistanın da dəstək verdiyini bildirdi.

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümündə sözügedən Zirvə toplantısının müvəffəqiyyətlə başa çatması, əlbəttə, Azərbaycan üçün mühüm nəticə hesab olunur. Çünki ötən iyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf etsə də, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir və hazırda Azərbaycan SPECA-ya sədrlik edir. Ona görə də Zirvə görüşünün keçirilməsi təklifi də məhz Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlib.

Azərbaycan Prezidentinin dəvəti ilə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın dövlət başçılarının, eləcə də Gürcüstanın və Macarıstanın Baş nazirlərinin, Körfəz Əməkdaşlıq Şurasının Baş katibinin iştirak etməsi tədbirin iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də rəsmi Bakının siyasi nüfuzunu göstərir. Bu baxımdan, Prezident İlham Əliyevin bu tərkibdə keçirilən Zirvə görüşünün daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacağına əminliyini bildirməsi heç də təsadüfi deyil. Bakı belə bir mötəbər tədbirə ev sahibliyi etməklə daha bir ilkə imza atdı və Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz regionu arasında əlaqələrin daha da möhkəmlənməsi üçün etibarlı zəmin yaratdı.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş