Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Son 3 ildə Kəlbəcərdə yeni inkişaf dövrü başlayıb

Son 3 ildə Kəlbəcərdə yeni inkişaf dövrü başlayıb


3 il əvvəl Azərbaycanın ən böyük dağ rayonu - Kəlbəcərin 1 güllə atmadan işğaldan azad olunması Azərbaycanın ən böyük uğurlarından biri idi. Kəlbəcərin çox mürəkkəb relyefə malik olmasını, eyni zamanda 44 günlük müharibə zamanı hava şəraitini nəzərə alsaq, itkilərin hansı səviyyədə ola biləcəyini təxmin etmək çətin deyil.

Müharibənin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edildi. Yəni, Azərbaycan Ordusu Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətini bu istiqamətdə məhdudlaşdıra bildi. Beləliklə, düşmən Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədi. Bəzi istiqamətlərdə strateji nöqtələrin ordumuz tərəfindən götürülməsi ilə Ermənistan ordusunun hərəkəti iflic vəziyyətə düşdü. Effektiv hərbi strategiyanın nəticəsi olaraq imzalanan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi. Beləliklə, 3 il əvvəl Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

Noyabrın 25-də Kəlbəcəri tərk edən zaman azərbaycanlılara daha böyük ziyan vurmaq üçün ermənilər əraziləri, mülki obyektləri yenidən minaladılar, evləri, meşələri yandırdılar. Öz vandal xislətlərini bir daha nümayiş etdirmiş oldular. Xatırlatmaq yerinə düşər ki, işğal zamanı Kəlbəcərin bütün maddi-mədəni sərvətlərini talayan Ermənistan BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən rayon ərazisində qanunsuz məskunlaşdırılma siyasəti həyata keçirmişdi. Ermənistanı Şərqi Zəngəzurla və Qarabağla üç yolla birləşdirmək niyyətində idilər. Bunun yeganə məqsədi qanunsuz məskunlaşma siyasəti aparmaq idi ki, bu da təbii ki, hərbi cinayət sayılır. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, ilk növbədə, ATƏT-in Minsk qrupu qanunsuz məskunlaşmaya laqeyd yanaşır, Ermənistana heç bir irad tutmur, onları bu qanunsuz əməllərdən çəkindirməyə cəhd etmirdi. Azərbaycan öz gücü ilə ədaləti təmin etməklə Ermənistanın bu cinayətlərinə də son qoymuş oldu.
Müharibənin başa çatmasından ötən 3 il ərzində bütün azad olunmuş ərazilərdə, o cümlədən Kəlbəcərdə infrastruktur bərpa olunmaqdadır. Prezident İlham Əliyev son 3 ildə Kəlbəcərə bir neçə dəfə səfər edib, faktiki Kəlbəcərin yeni inkişaf dövrü başlayıb.

Kəlbəcər strateji baxımdan olduqca əhəmiyyətli bölgə olduğundan burada da yeni hərbi hissələr istifadəyə verilir, komando hərbi birləşmələri yaradıldı. Kəlbəcərdə yeni hərbi hissələrin yaradılması Ermənistanla sərhəddə hərbi cəhətdən mövqelərimizi daha da möhkəmləndirir.
Eyni zamanda Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərə start verilib. Kəlbəcərin təbii enerji potensialına gəlincə, xarici şirkətlər tərəfindən bura böyük maraq var. Bu vaxta kimi, Kəlbəcərdə 6 SES yenidən qurularaq istismara verilib. Hazırda rayonda 4 yerdə kiçik su elektrik stansiyasının tikintisi aparılır. Sərt iqlim və mürəkkəb relyefdə yerləşən Kəlbəcərdə rəqəmsal yarımstansiya da tikilib. Yol infrastrukturu da ən müasir standartlara uyğun qurulmaqdadır. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi davam etdirilir.

Kəlbəcərdə məşhur İstisu sanatoriyasının bərpası isə regionda müalicəvi turizm infrastrukturunun ən müasir tələblərə uyğun yenidən qurulduğunu göstərir. Əminliklə söyləmək olar ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər də ən inkişaf etmiş bölgələrimizdən birinə çevrilməkdədir. Əsas məqsəd isə təbii ki, 30 il yurd həsrətilə yaşayan insanlarımızın qayıdışını təhlükəsiz formada təmin etməkdir. Kəlbəcərin Yanşaq kəndində ümumilikdə 421 ailənin məskunlaşması planlaşdırılır. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 121 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Zallar kəndində 487, Zar kəndində isə 855 ailə məskunlaşacaq. Baş plana uyğun olaraq, İlk yaşayış məhəlləsi də layihələndirilib. Beləliklə, bütün azad olunmuş ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də 3 ildir, Azərbaycan bayrağı dalğalanır və müzəffər Ali Baş Komandanın söylədiyi kimi, bu bayraq burada əbədi dalğalanacaq.

Könül Nurullayeva,
Milli Məclisin deputatı
Xəbəri paylaş