BMTİP-nın “İqlim Dəyişikliyinə Milli Uyğunlaşma Planına dəstək” layihəsinin ADA Universiteti və İnkişaf və Diplomatiya İnstitutu ilə birgə təşkil etdiyi “Su və sahilyanı ərazilərdə iqlim dəyişikliyinə uyğunlaşma” mövzusundakı təlim sessiyası başa çatıb. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə müxtəlif dövlət qurumlarından 30-dək texniki kadr iştirak edib.
Newscenter.az xəbər verir ki, BMTİP-nın Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Alessandra Rokkasalvo dörd günlük təlimin bağlanış mərasimində iştirak edib. Öz çıxışında, xanım Rokkasalvo davamlı gələcəyə nail olmaqda Azərbaycan hökuməti ilə BMTİP arasındakı tərəfdaşlıq ilə bağlı fikirlərini bölüşüb.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığımız mühüm əhəmiyyət kəsb edir və daha dayanıqlı və iqlimə davamlı gələcək üçün ümumi baxışı əks etdirir. ADA Universiteti və İnkişaf və Diplomatiya İnstitutu tərəfindən göstərilən akademik dəstək nümunəvidir, hərtərəfli təlim proqramı həm də üzləşdiyimiz hazırkı ekoloji problemlərə uyğunlaşdırlıb,” deyə xanım Rokkasalvo qeyd edib.
Dörd gün davam edən təlimdə dəvət olunan beynəlxalq və yerli məsləhətçilər müxtəlif aktual mövzuları qaldırıb. Proqramın bir hissəsi kimi, iştirakçılar iqlim dəyişikliyi ilə əlaqədar su sektorunda olan problemlər, həssaslığın qiymətləndirilməsi üsulları, sahilyanı ərazilərdə İqlim Dəyişikliyinə Uyğunlaşma strategiyaları, iqlim dəyişikliyinin həm kişilərə, həm də qadınlara diferensial təsirləri haqqında məlumat əldə edib. Bundan əlavə, iştirakçılar iqlim dəyişikliyi ssenarilərini və davamlı inkişafa nail olmaq üçün onların təsirləri ilə mübarizəni müzakirə edib.
“Tədbirin əhəmiyyəti təqdirəlayiqdir. İqlim dəyişikliyi aktual qlobal problemdir və onun təsirlərinə uyğunlaşma bizim icmaların və ekosistemlərin rifahı üçün çox vacibdir. Əldə etdiyiniz bilik və bacarıqlar iqlim dəyişikliyinə qarşı davam edən bu mübarizədə mühüm alətlərdir”, BMTİP Nümayəndəsi sözlərinə əlavə edib.
“İrəlilədikcə, öyrənilən dərslər və bu təlim zamanı paylaşılan təcrübələr iqlim dəyişikliyinə uyğunlaşmaqda kollektiv səylərimiz üçün əsas rol oynayacaq”.
Təlimləri təşkil edən “İqlim Dəyişikliyinə Milli Uyğunlaşma Planına dəstək” layihəsi Azərbaycan hökumətinə üç prioritet sektor – su, kənd təsərrüfatı və sahilyanı ərazilərin iqlim dəyişmələrinə uyğunlaşması tədbirlərində dəstək olur. Yaşıl İqlim Fondunun maliyyələşdirdiyi və BMTİP-nin həyata keçirdiyi layihə hökumətin mövcud institusional, texniki və maliyyə potensialını gücləndirir ki, bu da öz növbəsində orta və uzunmüddətli iqlim adaptasiyası ehtiyaclarının Azərbaycanın milli inkişaf planlarına daxil edilməsini təmin edəcək.
Mehman Mehdiyev