2016-cı ilin Aprel döyüşləri, eləcə də İkinci Qarabağ müharibəsinin iştirakçısı, şəhid polkovnik Babək Səmidlinin şəhidliyə qovuşmasının üçüncü ildönümü qeyd edilib.
Newscenter.az-ın xəbərinə görə, Göyçay Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Babək Səmidlinin döyüş yoldaşları və doğmaları, rayon ictimaiyyəti onun Göyçay rayon Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. Mərasimdə şəhid polkovnikin döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan da danışılıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun polkovniki və 1-ci Ordu Korpusunun Komandiri müavini olan Babək Səmidli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Onun rəhbərliyi altında Madagiz (Suqovuşan) qısa müddət ərzində işğaldan azad edilib.
2020-ci il noyabrın 23-də Babək Səmidli Suqovuşan ərazisində minaya düşüb və şəhid olub. Babək Səmidli noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən, Babək Səmidli ölümündən sonra "Zəfər" ordeni ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. Həmçinin dövlət başçısının 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Anar Əliyev