Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçirilən Beynəlxalq Yol Federasiyasının 75 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib.
Newscenter.az xəbər verir ki, 50-dən çox ölkədən 1000 nəfərlik nümayəndə heyətinin qatıldığı tədbirdə Beynəlxalq Yol Federasiyasının bu günə qədər əldə etdiyi nailiyyətlər haqqında danışılıb. Eyni zamanda dünyanın sahə üzrə aparıcı mütəxəssislərinin və yenilikçi şəxslərin çıxışları dinlənilib.
Tədbirdə sənaye ekspertləri və yol nəqliyyatı sektorunun peşəkarları arasında məhsuldar dialoqlar, təcrübə-bilik mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri barədə danışılıb və yol sektorunun ilə bağlı bir sıra məsələlərə toxunulub.
Tədbir çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Beynəlxalq Yol Federasiyasının prezidenti və baş icraçı direktoru Patrik Sankey ilə görüşüb.
Görüş zamanı İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycanın yol infrastrukturu sahəsində əldə etdiyi uğurlar, Agentlik tərəfindən icrası həyata keçirilmiş və davam etdirilən mühüm layihələr barədə geniş məlumat verib. Qeyd olunub ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi Azərbaycan Prezidenti İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir.
Beynəlxalq Yol Federasiyasının prezidenti və baş icraçı direktoru Patrik Sankey öz növbəsində Azərbaycanın avtomobil yollarının keyfiyyəti baxımından dünya ölkələri arasında yuxarı pillələrdə qərarlaşmasını yüksək qiymətləndirib.
Görüşdə əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, tədbir çərçivəsində Beynəlxalq Yol Federasiyasının R2T Qlobal Konfrans və Sərgisi də keçirilib.
Konfransın məqsədi sahə üzrə qlobal təcrübələri bölüşmək, yenilikləri araşdırmaq və maraqlı tərəfləri bir araya gətirərək bir platforma təqdim etmək olmuşdur və konfransda təqdim olunan fikirlərin sektorun mümkün inkişafı üçün vacib bir təməl olacağı əsas hədəflər sırasındadır.
Sahə üzrə əməkdaşlıq üçün ideal platforma hesab olunan və dünyanın hər yerindən yol ekspertləri, sənaye liderləri və maraqlı tərəflərin iştirak etdiyi tədbirdə yol təhlükəsizliyi, əlaqəli mobillik, kənd yolları, rəqəmsallaşdırma, inklüzivlik, yeni texnologiyalar, enerji və resurs səmərəliliyi, işçi qüvvəsi və s. mövzularda da müzakirələr aparılıb.
R.Mehdiyeva