"Amerikanın Azərbaycanda agentura şəbəkəsi var və vaxtaşırı Amerikanın Azərbaycandakı agentura şəbəkəsi ilə mübarizə aparılıb. Buraya məsələn vaxtı ilə Azərbaycanın regionlarında aktiv şəkildə fəaliyyət göstərən Sülh Korpusu Könüllülərini qeyd etmək olar ki, onların fəaliyyəti ölkəmizdə şübhə doğurduğundan bu qurumun ölkəmizdəki fəaliyyəti dayandırılmışdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, Sülh korpusu regionlarımızda ailələrə sızaraq öz nizamnaməsindən kənar xalqımızın milli mənəvi dəyərlərinin əleyhinə müxtəlif təbliğat işləri aparır və siyasi fəaliyyətlə də məşğul idilər:
"Bu qurumlar əsasən təhsil və sosial platformalar üzərindən ölkəmizdə öz agentura şəbəkəsini formalaşdırır. Nəzər salsaq hətta ali təhsil müəssisələrində Amerika mərkəzləri, müxtəlif ABŞ təhsil şəbəkələri mövcuddur. ABŞ-ın Azərbaycandakı səfirliyi bu qurumlara geniş maliyyə dəstəyi göstərir. Bu şəbəkə əvvəlki dönəmlərdən fərqli olaraq indi daha çox qeyri-formal metodlarla fəaliyyət göstərir və ölkənin təhsil, media və QHT-vətəndaş cəmiyyəti sektoruna geniş şəkildə sızıbdır və Amerikanın Azərbaycandakı səfirliyi, o cümlədən USAİD, NED, Amerika Təhsil Şurası, NDİ və digər Qərb fondları bu qurumları və şəbəkələri aktiv şəkildə dəstəkləyir və qrant layihələri ilə maliyyələşdirir".
Politoloq deyib ki, bu yaxınlarda fəaliyyəti araşdırılan absaz media qurumu ilə bağlı da çox maraqlı faktlar üzə çıxdı:
"Məlum oldu ki, bu media qrupunu Qərbdə formalaşan anti-Azərbaycan dairələri və fondları geniş şəkildə maliyyələşdirir və onlar müntəzəm şəkildə xaricdən təlimatlanaraq ölkəmizin milli maraqları əleyhinə təbliğatla məşğuldurlar. Əgər əvvəllər bu fəaliyyət ABŞ və Qərb ölkələrinin müxtəlif beynəlxalq təşkilatlarının Azərbaycandakı rəsmi nümayəndəlikləri vasitəsi ilə həyata keçirilirdisə, indi bu daha çox yerli qurumları maliyyələşdirməklə həyata keçirilir. Hesab edirəm ki, Amerika Birləşmiş Ştatları yumşaq güc alətləri vasitəsi ilə ölkələrin daxili işlərinə hər zaman nüfuz etməyə çalışıb və Azərbaycanda həyata keçirilən fəaliyyət də bu baxımdan istisna deyildir".
Anar Əliyev