Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova 90 nömrəli məktəbdə baş verən hadisəni araşdırmaq üçün sözügedən məktəbdə olub. Günel Səfərovanın adıçəkilən təhsil ocağında apardığı araşdırma və bununla bağlı sosial şəbəkədə etdiyi paylaşımı təqdim edirik:
"Dəyərli media nümayəndələri və sosial şəbəkə istifadəçiləri, Sizə söz verdiyim kimi 90 saylı orta məktəbdə baş verən hadisə ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri olaraq apardığım ilkin kiçik araşdırma nəticəsini sizinlə paylaşıram.
Bu gün adıçəkilən məktəbdə Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, psixoloq Səidə xanımın da iştirakı ilə məktəb rəhbəri ilə görüş keçirdik".
Günel Səfərova daha sonra bunları qeyd edib:
"Hadisə baş verən sinifin sinif rəhbəri müəllimə Südabə Şükürova xanım hal-hazırda səhhətində problem (hamilədir və iki ay sonra analıq məzuniyyətinə çıxacaq) yarandığı üçün onunla telefon əlaqəsi yarada bildik. Müəllimənin qeyd etdiyi əsas məqamlar bunlardır: " Hadisə 7 noyabr tarixində Zəfər bayramına həsr olunmuş tədbirdən sonra sinif şagirdlərinin zalda şeirlərin deyilməsi və rəqsin edilməsi zamanı baş verib. Uşağın atası uşağın vəziyyəti ilə bağlı məlumatlandırılıb və xəsarətin miqyasının gözlə çox görünmədiyini düşünərək təcili tibbi yardıma müraciət etməyib. Uşağı ziyarət etmək istəsə də valideyn bunu qəbul etməyib"
Valideynlə dünən və bu gün telefon əlaqəsi yaratdım və Vüsalə xanımın məlumatına əsasən onun əsas şikayəti məktəb rəhbərliyinin və müəllimin etinasızlığı, uşağın zədə alması faktı ilə bağlı zamanında məlumatın verilməməsi və uşağın sonrakı vəziyyəti ilə bağlı maraqlanılmaması olmuşdur".
İctimai Şura sədri onu da qeyd edib ki, məktəb rəhbərliyi hadisə ilə bağlı gec məlumatlandırılıb:
"Şura sədri olaraq qeyd etməliyəm ki, müəllimə bu hadisədə daha həssas yanaşmalı və uşağın təhlükəsizliyinin təminini əsas hədəf götürməli idi. Eyni zamanda uşağın xəsarət alması ilə bağlı məlumatı təxirəsalmadan rəhbərliyə, valideynə və məktəbdəki tibbi personla bildirməli idi. Məktəb rəhbəri müəllimə inzibati tədbir görərək töhmət vermişdir".
Günel Səfərova "İstənilən hadisə zamanı əsas üstünlük uşağın rifahının və onun təhlükəsizliyinin təmini olmalıdır. Bu məqsədlə də ümid edirəm ki, həm uşaq müəssisələri, həm də valideynlər uşaqlara təhlükəsizlik qaydalarını bir daha aşılamalıdır.
Dəyərli media nümayəndələri, ictimai fəallar və sosial şəbəkə istifadəçiləri Sizin məsələyə həssas yanaşmanız təqdirəlayiqdir və əminəm ki, məlumatların verilməsində uşaq mənafeyini əsas tutacaqsınız. Nəzərə almalıyıq ki, bu məsələdə yanaşmamız problemin həlli olmalıdır və internet resurslarından istifadə edərkən uşaqlara gələcəkdə yarana biləcək travma və narahatlığa yol açan məqamlardan imtina etməliyik.
İctimai Şura olaraq məsələnin sonrakı hüquqi prosedurları, övladımızın səhhəti və təhsili ilə bağlı məlumatları sizinlə də paylaşacam",-deyə vurğulayıb.