Bir neçə gün bundan əvvəl noyabrın 24-də Bakıda Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Tədbirdə çıxış edən Prezident İlham Əliyev hazırda Azərbaycanın SPECA-ya sədrlik etdiyi dövrdə görülən işlər, ölkəmizin irəli sürdüyü təşəbbüslər barədə fikirlərini bölüşdü.
Dövlət başçımız bildirdi ki, cari il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümüdür. Bu illər ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Bu zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənib. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edirlər və yeni tərkibdə keçirilən Zirvə görüşü isə daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.
Bu gün dünyanın müxtəlif bölgələrində müharibələrin, münaqişələrin, qanlı toqquşmaların geniş vüsət aldığı bir zamanda SPECA-ya üzv ölkələrdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur. SPECA-ya üzv dövlətlər əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayır. BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilmiş və Azərbaycan Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq.
Qeyd olundu ki, SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafın əyani göstəricisidir.
Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu yürütməyə imkan yaradır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb, ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxın hissəsi qeyri-enerji sektorunun payına düşür.
Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub. Ölkəmiz Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.
Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Hazırda keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıtması planlaşdırılır.
Cari ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı olub. Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaq. Bütün bunları biz qardaş dəstəyi kimi dəyərləndiririk.
Jalə Əhmədova-Milli Məclisin deputatı