"ABŞ-la Azərbaycan arasında münasibətlərin korlanması Rusiyaya xeyirdi. Rəsmi Bakı Vaşinqtonla əlaqələrin genişləndirilməsi istiqamətində bütün addımları Moskvanın təzyiqlərinə rəğmən atıb. Qərbin enerji təhlükəsizliyindən tutmuş antiterror koalisiyasında iştiraka qədər fəal iştirak edib".
Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, regionda Azərbaycan nəzərə alınmadan hər hansı bir layihələrin və geopolitik planların həyata keçirilməsi mümkünsüzdür:
"Azərbaycan həm Cənubi Qafqaz regionu üçün, həm də Asiyaya çıxış üçün açardı. Bütün bunları ABŞ görməzdən gələ bilməzdi. Birləşmiş Ştatların Azərbaycana artan təzyiqləri əks effekt verir və hər iki dövlət üçün indiki məqamda arzuolunan deyil. Bu baxımdan da dövlət katibi Blinkenin prezident İlham Əliyevə zəng etməsi son dövrlər kəskinləşməkdə olan ikili münasibətlərin bir qədər yumşaldılması baxımından əhəmiyyət kəsb edir".
Əli Oruclu deyib ki, Rusiyadan fərqli olaraq ABŞ regionda sülhün və təhlükəsizliyin əldə olunmasına maraqlıdır:
"Həm də ona görə ki, rəqibi Rusiyanı bu minvalla regiondan çıxara, yaxud da təsirini azalda bilər. Onu da diqqətdən qaçırmamalıyıq ki Vaşinqtonun Cənubi Qafqaz ölkələrinə də baxışları spesifikdir və bu yanaşma bir sıra hallarda Azərbaycanda haqlı narazılıq yaradır. ABŞ Dövlət Katibinin köməkçisi C.Obraynın parlamentin alt palatasında dinləmələrdə qərəzli çıxışı buna əyani misaldır. Belə mövqe təbii ki qəbuledilməzdir və adekvat cavab da verilməliydi. İndi həmin şəxsin Azərbaycana səfərinə icazə verilməsi xahişi edilirsə, demək yanlış olduqlarını anlamışlar. Obraynın səfəri zamanı portfelində hansı məsələləri gətirəcəyi tam bəlli olmasa da, heç şübhəsiz ki, Azərbaycanın maraqları da var. ABŞ-ın Azərbaycandan təzyiq və şantaj dilində istədiyini ala bilməyəcəyini bu zəng bir daha təsdiq etdi".
Anar Əliyev