"Son günlər ABŞ-Azərbaycan münasibətlərində davamlı olaraq artan gərginlik müşahidə olunur. Xüsusilə, Azərbaycanın Qərbdə aparılan sülh danışıqları prosesinə qatılmaması buna əhəmiyyətli təsir göstərib. Üstəlik, ABŞ və Qərbin cənubi Qafqaza olan iddiaları da kifayət qədər açıq-aşkar görünür".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Mütəllim Rəhimli səsləndirib. Onun sözlərinə görə, bu regionda Rusiya ilə ABŞ-ın maraqları artıq kəskin qarşıdurma mərhələsinə doğru inkişaf etməkdədir:
"Azərbaycan iqtidarının elan və vəd etdiyi balanslı siyasət artıq konkret tərəflə - Rusiya ilə sıx əməkdaşlığa istinad etməkdədir. Buna görə də növbəti mərhələdə ABŞ-la münasibətlərimizdə gərginlik artacaq. Çox güman ki, ABŞ və Avropa ölkələri də Azərbaycana qarşı təzyiq mexanizmlərini artıracaqlar".
Mütəllim Rəhimli deyib ki, İsrail-Fələstin müharibəsinin başlaması da ölkəmizin Qərblə münasibətlərinin tənzimlənməsinə mənfi təsir göstərib:
"Məhz buna görə hadisələrin sürəti bir qədər də artaraq gözlənilən gərginlik daha tez üzə çıxıb. Görünən budur ki, Azərbaycan tərəfi də öz gücü daxilində ABŞ-a qarşı müəyyən başılanğıc addımlar atıb. Ola bilsin ki, bu artan xətlə davam etsin. Təbii ki, bunun da adekvat cavabları olacaq. Bununla belə biz arzu edərdik ki, ortada olan anlaşılmazlıq mühiti tezliklə aradan qaldırılsın, çünki bu regiona yaxşı heç nə vəd etmir".
Anar Əliyev