"ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın bu ilin noyabrın 15-də ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizin ünvanına səsləndirdiyi sərsəmləmələrə Azərbaycan həmən sərt reaksiya verdi. Belə olmalı idi. İkili standartlarla oynayan və həqiqətləri çeynəyib, üstümüzə gələnin kimliyindən asılı olmayaraq layiqli cavab verilməlidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov səsləndirib. Onun sözlərinə görə, ABŞ-ın son dövrlərdə Ermənistan Azərbaycan münasibətlərində yaranmış gərginliyi aradan qaldırmaq, sülh müqaviləsini bağlamaq istiqamətindəki “səylərinin” arxasında nə Ermənistan, nə də Azərbaycan sevgisi dayanır:
"Bu “səylərin” arxasında regional maraqlar dayanır. Birləşmiş Ştatlar Cənubi Qafqazdan Rusiyanı sıxışdırıb çıxartmaq və bu regionda özünün hərbi iştirakını təmin etməyi hədəfləyir. ABŞ-ın bu istəyi göz qabağındadır. Lakin bu istəyi reallaşdırmağın hər hansı bir inandırıcı “səbəbi” tapılmalıdı. Yoxsa Birləşmiş Ştatlar və ya elə Fransa öz hərbi qüvvələrini bu regiona hansı adla gətirə bilərlər?"
Fikrət Yusifov deyib ki, Azərbaycan Qarabağ torpaqlarımızda separatizmin kökünü bir sutkalıq antiterror əməliyyatı ilə kəsdikdən sonra, orada Rusiya sülhməramlılarının fəaliyyətinə heç bir ehtiyac qalmadı və onlar tezliklə buradan çıxıb gedəcəklər:
"Belə olan halda, ABŞ və ya onun yaxın müttəfiqi Fransa öz hərbi kontingentini Cənubi Qafqaza nə adla yerləşdirə bilərlər? Deməli regionda sülh yox, daimi tüstüləyən münaqişə ocağı olmalıdır ki, bu “qoçular” gəlib həmin münaqişə ocağında kimisə kimdənsə “qorusunlar”. Məsələ budur. İndi sual olunur - belə bir qoyuluşda ABŞ və ya Fransa Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında nə qədər maraqlı ola bilərlər? Bulanıq olmayan suda əllə balıq tutmaq mümkün deyil axı! Bu səbəbdən onlar indi Azərbaycanı şərləyib, onun guya Ermənistana hərbi təcavüz edəcəyini “əsaslandıraraq” Ermənistana hərbi yardımlar göstərir, bu regiona öz hərbiçilərini göndərirlər. Bir sözlə Ermənistanı Azərbaycanın mümkün “hərbi təcavüzündən” qorumağa çalışırlar bu “ağalar”. Absurddur, deyilmi!!! Həyasızlığın və siyasi əxlaqsızlığın son həddidir bu gedişlər. Azərbaycan dəfələrlə bəyan edib ki, heç kimin torpaqlarında gözü yoxdur və o, sadəcə olaraq öz sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü təmin etmək istəyir".
Fikrət Yusifov onu da diqqətə çatdırıb ki, biz ABŞ və Qərbin bütün bu oyunlarının ssenarisini çoxdan öxumuşuq:
"O səbəbdən də heç bir təzyiqə baxmayaraq regionda öz müstəqil və balanslaşdırılmış siyasətimizi aparırıq. Emosiya bizim üçün deyil. Ancaq haqqımızı ayaqlamaq istəyənə kimliyindən asılı olmayaraq layiq olduğu cavabı verəcəyik.
Noyabr ayının 15-dəki insidentdən sonra Birləşmiş Ştatların bu yanlışları düzəltmək üçün hərəkətə keçəcəyi gözlənilən idi. ABŞ bu regionda söz sahibinin də, güc sahibinin də kim olduğunu çox yaxşı bilir. Ona görə Dövlət katibinin köməkçisinin sərsəmləmələrindən sonra Dövlət katibinin özünün Azərbaycan Prezidentinə zəng etməsi və danışıqlar zamanı Prezidentin qoyduğu tələblərə razılıq bildirməsi bir növ öz yanlışlarını düzəltmək istiqamətində atılan addım və üzürxaqlıq kimi dəyərləndirilməlidir".
Anar Əliyev