"Qərbin Azərbaycana qarşı məlum təzyiqləri fonunda son günlər müxalif fikirli hesab edilən jurnalistlərin saxlanılması təbii ki, ABŞ-dan Azərbaycana yönəlik təzyiqlərin artmasına səbəb olacaq. Bu hadisələr Qərbin əlinə bəhanələr verəcək".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, həmin jurnalistlərin peşə fəaliyyətinin nə dərəcədə dövlət maraqlarına zərbə vurduğunu istintaq araşdıracaq:
"Bu araşdırmanın nəticələrindən sonra fikir bildirmək daha doğru olar. Amma bir həqiqət vardır ki, belə hallar heç də xoş hallar deyildir. Məsələ ondadır ki, ölkədə hər şeyin normal olduğunu heç kim iddia etmir. Çoxlu sayda çatışmazlıqlar, hətta cinayət səviyyəsində problemlər vardır. Bununla mübarizə aparılıb, yenə də aparılır. Amma belə faktları müəyyən etməyin və işıqlandırmağın da bir professional etikası olmalıdır. Tək bu məsələdə yox, eləcə də bütün məsələlərdə. Jurnalist bu kimi faktları işıqlandıranda ilk növbədə dövlət maraqlarını öndə tutmalıdır. Dövlətin keçdiyi siyasi şəraiti dəqiq qiymətləndirməyi bacarmalıdır. Məsələyə tək hakimiyyət üzvlərinin fəaliyyəti prizmasından baxmamalıdır".
Azər Qasımov qeyd edib ki, qeyri-qanuni fəaliyyətlə məşğul olan məmur və ya insanlar ifşa edilməlidir, ancaq bu, hakimiyyətlə mübarizə, düşmənçilik şəklində olunmamalıdır:
"Hakimiyyətə zərbə vurmaq istəyərək dövləti zərbə altında qoymamalıdır. Hadisənin təqdimat ritorikası dövlətin maraqlarının qorunması şəklində olmalıdır. İlk bu nəzərə alınmalıdır. Belə faktlar ölçü götürülməsi üçün dövlət orqanlarına ilk növbədə verilməlidir. Sonra mətbuata çıxarılmalıdır. Bu, daha məqbul yol olardı".
Anar Əliyev