Bu gün Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması xəbərini qürur hissilə qarşıladım. Prezident İlham Əliyevin “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalaması təqdirəlayiq addımdır. İşğal və separatizm fəlakətindən xilas edilən ərazilərimizdə yeni təhsil ocağının qurulması Qarabağımızın ümumi dirçəlişində mühüm rol oynayacaq.
Hazirda işğaldan azad olunmuş ərazilərimizdə bərpa-yenidənqurma işləri uğurla davam etdirilir. Qarabağ və Şərqi Zəngəzurda ərazilər minalardan təmizlənir, sıfırdan yeni şəhər və kəndlər salınır. Mənfur erməni işğalı nəticəsində 30 il doğma torpaqlarında yaşamaqdan məhrum olmuş soydaşlarımızın öz yurdlarına qayıtmasını təmin etmək üçün dövlətimiz “Böyük Qayıdış” Proqramını sürətlə icra edir. Və bu istiqamətdə həyata keçiriləsi ən ümdə məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərə qayıdan gənc nəsil üçün yerlərdə orta və ali təhsil almaq imkanlarının təmin edilməsidir.
Prezidentin imzaladığı Sərəncamda qeyd olunduğu kimi “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir.
Bu baxımdan, Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması haqqında dövlət başçımızın sərəncam imzalaması regionda təhsil ənənələrimizin dirçəldilməsinə və humanitar sahənin inkişafına mühüm töhfə verəcək. Əlbəttə, bu universitet Şuşada da, Ağdamda da, Laçında da və eləcə də işğaldan azad edilmiş digər şəhərlərimizdə də yaradıla bilərdi. Ancaq Xankəndi Qarabağ Universiteti üçün ən ideal seçimdir. Suverenliyimizin bərpası uğrunda mübarizəmizin sonuncu nöqtəsinin qoyulduğu şəhərdə universitetin yaradılması strateji addımdır. Bu addım suverenliyimizi daha da möhkəmləndirəcək.
Qarabağ Universitetində həm regionun inkişafı üçün kadr potensialı yetişdiriləcək, həm də bu yeni təhsil ocağını əcnəbi tələbələr nüfuzlu təhsil mərkəzlərindən birinə çevirmək imkanlarımız olacaq. Bir sözlə, Qarabağ Universiteti bizi yaxın gələcəkdə dünyada tanıdan təhsil brendimizə çevrilə bilər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri