“Birləşmiş Ştatların dövlət katibi Antoni Blinkenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefon zəngi Vaşinqtonun Bakıya qarşı yalnış siyasət yürütdüyünün fərqinə vardığının göstəricisi idi”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, artıq Azərbaycanla güc dilində danışmağın mənasız olduğunu okeanın o tayında da anlayırlar:
“Ona görə də Birləşmiş Ştatlar Azərbaycanla münasibətlərə yenidən nəzər salmaq, regiondakı vəziyyəti Bakı ilə birgə əməkdaşlıq nəticəsində nizamlamağa indi dah çox üstünlük verir. Elə Antoni Blinkenin köməkçisi Ceyms O’Braynın Azərbaycana səfərə icazə verilməsini prezident İlham Əliyevdən xahiş etməsi də belə deməyə əsas verir. Okeanın o tayında hesab edirdilər ki, təzyiq elementini artırdıqca rəsmi Bakı bu təzyiqlərin qarşısında geri çəkiləcək, hansısa güzəştlərə gedəcək. Ancaq ümidləri özünü doğrultmadı və Bakı haqlı olaraq Vaşinqtonla öz diliylə danışmağa üstünlük verdi”.
Arzuman Muradlı hesab edir ki, Antoni Blinkenin köməkçisi Ceyms O’Brayn regiona səfəri çərçivəsində yeni təkliflər, yeni əməkdaşlıq formulları təklif edə bilər:
“Kimin hansı təklif və təşəbbüslə gəlməsindən asılı olmayaraq Azərbaycanın mövqeyi eynidir. Kim bizimlə qarşılıqlı faydalı əməkdaşlıq etmək istəyirsə, ona qapılarımız açıqdır. Əli uzadana əl, güllə atana güllə atarıq”.
Anar Əliyev