Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıt sakinləri prezidentə müraciət etdi

Sumqayıt sakinləri prezidentə müraciət etdi


Sumqayıt şəhər sakinlərinin bir qismi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyeva, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, eləcə də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə müraciət edib.

Müraciət müəllifləri adından Newscenter.az-a məlumat verən Natiq İsayev deyib ki, onları narahat edən Sumqayıtın ictimai nəqliyyat problemidir:

“Şikayətimiz Sumqayıt şəhərində 5 №-li marşrut avtobusunun fəaliyyətindəndir. Belə ki, sözügedən avtobus axşam saat 20:45-dən sonra işləmir. Bu avtobus marşrutundan əsasən Sumqayıt şəhər Xəzər bağları, Kotec, İnşaatçılar, Kimyaçılar qəsəbələrinin sakinləri, 1-ci, 2-ci, 3-cü 14-cü, birləşmiş məhəllədə yaşayanlar istifadə edir. Axşamlar həmin marşrutun fəaliyyətini tez dayandırması həm biz valideynlər, həm də uşaqlarımız üçün ciddi problemlər yaradır”.

Şikayət müəllifi deyir ki, övladları hazırlıq kursları, yaxud repititor yanından qayıdanda evə məcburən taksi ilə gəlməli olurlar:

“Çıxılmaz vəziyyətdə qalmışıq. Taksilərdən istifadə etməyə bir çox hallarda maddi imkanımız olmur. Dəfələrlə aidiyyatı qurumlara müraciət etsək də bizim problemə məhəl qoyan yoxdur”.

Müraciət müəllifləri xahiş edirlər ki, Sumqayıt şəhərində 5 №-li marşrut avtobusunun fəaliyyət müddəti daha bir neçə saat uzadılsın:

“Xahiş edirik ki, həmin marşrut avtobusunun gecə saat 23:00-a kimi fəaliyyət göstərməsi üçün aidiyyatı qurumlara göstəriş verəsiniz”.

Anar TAĞIYEV
Xəbəri paylaş