Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Yaradıcı həftə” çərçivəsində dekabrın 2-də "Türk dünyasının yumor festivalı" gerçəkləşəcək. Noyabrın 30-da yumor festivalı nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində "Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri" mövzusunda dəyirmi masa təşkil edilib.
Newscenter.az nazirliyə istinadən bildirir ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tatarıstandan (RF) qonaqların iştirak etdiyi tədbirin moderatoru, Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər şöbəsinin müdiri Rəşad Əzizov dəyirmi masanın təşkilində dəstəyinə görə TÜRKSOY-a təşəkkürünü bildirib. O, yumor və komediya sənayesinin bütün dünyada, eləcə də türk coğrafiyasında audiovizual sahədə diqqət mərkəzində olduğunu deyib. Qeyd edib ki, Türk dünyasında bu sahə ilə məşğul olan insanların öz təcrübələrini bölüşməsi, daha geniş auditoriyaya çıxması vacibdir. Vurğulanıb ki, növbəti ildə bu sahə üzrə iki layihə nəzərdə tutulur. Bu layihələrin reallaşması birbaşa bugünkü dəyirmi masada əldə ediləcək nəticədən asılı olacaq. Bunlardan biri tələbə yumor oyunları, ikincisi isə Türk dünyası xalqlarını əhatə edən teleserial ola bilər.
TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov baş katib Sultan Raevin festival iştirakçılarına salamını çatdırıb, Türk dünyası gənc yumoristlərinin bir araya gəlməsi təşəbbüsünü yüksək dəyərləndirib. O, təşkilatın bu yöndə layihələrə dəstək verdiyini və bu istiqamətdə yeni çağırışlara hər zaman açıq olduqlarını diqqətə çatdırıb.
Əməkdar artist, “Şən və Hazırcavablar Klubu”nun üzvü Ələkbər Əliyev və "Bakılı oğlanlar" ŞHK-nın üzvü, ssenarist Cavid Qurbanov gələcək birgə layihələrin təşkili ilə bağlı düşüncə və təkliflərini bölüşüblər.
Dəyirmi masada Türk dünyasının yumor, film, oyun və s. sahələr üzrə ortaq kontentinin yaradılması yolları barədə ətraflı müzakirə aparılıb.
Anar Əliyev