"Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbəsindən sonra əldə edilmiş razılaşmaya görə hər iki dövlət arasında sərhədlərin demarkasiya delimitasiyası üzrə Dövlət komissiyası yaradıldı. Rusiyanın baş nazir müavinin də iştirakı ilə yaradılmış komissiya ilkin iclasını keçirdi və bəzi mübahisələr müzakirələr aparıldı. Bu komissiyada Azərbaycanı Ş.Mustafayev Ermənistanı isə M.Qriqoryan təmsil edir. İndiyədək daha 3 görüşün baş tutmasına baxmayaraq prinsipial irəliləyiş əldə olunmadı".
Newscenter-az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu Azərbaycan və Ermənistanın baş nazir nazir müavinlərinin görüşünü şərh edərkən səsləndirib. O bildirib ki, uzun müddətli fasilədən sonra Ş.Mustafayev və M.Qriqoryanın rəhbərlik etdikləri delimitasiya komissiyası 30 noyabrda sərhəddə görüşdülər:
"Əvvəlki 4 görüşdən fərqli olaraq bu görüşlərdə müəyyən irəliləyiş müşahidə edildi. İşçi qrupu yaradıldı, əsasnamə qəbul edildi, təmasların tez-tez olmasının vacibliyi vurğulandı. Lakin bununla belə sərhəd məsələsinin qısa zamanda həlli mümkün görünmür. Çünki Ermənistan hələ ki, konstruktivlikdən uzaqdı. Ərazi iddiaları qalır. İşğalda saxladığı yaşayış məskənlərini, kəndləri azad etməyə tələsmir. Bu amil isə təkcə delimitasiya işinin sürətlənməsinin deyil, ümumilikdə Ermənistan Azərbaycan arasında münasibətlərin normallaşması və sülh prosesinə ciddi əngəl törədir.
Bütün bunlara baxmayaraq görüşlərin mütəmadi və tez tez keçirilməsi barədə razılaşma hardasa müsbət və ümidverici tendensiyadır".
Əli Oruclu hesab edir ki, əgər erməni tərəfi destruktiv mövqe sərgiləsələr və yaxud müxtəlif bəhanələr prosesi uzatmağa, həmçinin pozmağa çalışsalar, Azərbaycan güc faktoru və özünü müdafiə hüququnun icrasını alternativ olaraq nəzərdən keçirməyə tam haqqı çatır.
Anar Əliyev