Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 36-cı iclasında iştirak edib. İclasda Braziliyanın 2024-cü ilin yanvarından etibarən “OPEC plus”a qoşulması razılaşdırılıb. Anqola, Konqo və Nigeriyanın gələn il üçün hasilat kvotaları məsələsinə baxılıb. Bu kvotalar 2024-cü ildə gündəlik neft hasilatının Anqolada 1,110 min barrel, Konqoda 277 min barrel, Nigeriyada isə 1,500 min barrel həcmində olmasını nəzərdə tutur.
Newscenter.az xəbər verir ki, müzakirələr zamanı energetika naziri Pərviz Şahbazov yüksək həmrəylik və rasional tənzimləmə tədbirləri sayəsində 2023-cü ildə qlobal neft bazarındakı vəziyyətin qənaətbəxş olduğunu qeyd edib. Nazir OPEC və qeyri-OPEC ölkələrinin bu birliyinin, konsensus əsasında fəaliyyətinin növbəti il üçün də vacibliyini vurğulayaraq, neft bazarında davamlı sabitlik naminə qərarların qəbulunda yekdilliyi qoruyub saxlamağı tövsiyə edib.
Qeyd edək ki, gələn il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.
“OPEC plus”un növbəti görüşü 2024-cü ilin 1 iyun tarixinə təyin edilib.
R.Mehdiyeva