Ermənistan nəhayət ki, qismən də olsa konstruktiv mövqe ortaya qoydu. Hər halda ötən gün Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin sərhəddə bir araya gəlməsi belə deməyə əsas verir.
Newscenter-az-ın xəbərinə görə, politoloq Azər Qasımov deyib ki, regionun gələcəyinin formalaşması prosesinin həlledici məqamları davam edir. Onun sözlərinə görə, Azərbaycan sülh müqaviləsi imzalanması prosesini Ermənistanın inisiativinə buraxmış kimi görünür:
"Ermənistan isə bundan yararlanmaq hesabları güdmək əvəzinə prosesi ləngitməklə məşğuldur. Nə qədər də Ermənistan rəsmiləri tezliklə sülh müqaviləsi imzalana bilər mesajları versələr də, məsələnin hələ yarımçıq olduğu göz önündədir və tam formalaşması üçün mane olan səbəblər çoxdur. Azərbaycan isə sülhdə maraqlı olsa da, öz istəklərinin həyata keçməsini gözləyir, Ermənistana vaxt verir. Bu isə Ermənistanın son şansıdır".
Politoloq deyib ki, Azərbaycanın əlində 2020-ci il "10noyabr" müqaviləsi adlı sənəd var, hansıki şərtlərinə tam əməl olunmayıb:
"Azərbaycan Respublikası 1969-cu il mayın 23-də Vyana şəhərində imzalanmış "Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası"na 2 oktyabr 2017-ci ildə qoşulub. Bu konvensiyaya əsasən dövlətlər arasında imzalanmış müqavilələr hüquqi sənəddir və yerinə yetirilməsi mütləqdir, xüsusən də, 75-ci "Təcavüzkar dövlət halı" maddəsi.
Odur ki, Azərbaycanın əlində ixtiyarı vardır ki, "10noyabr" müqaviləsinin şərtinə əsasən 9-cu bəndin icrasını ya Beynəlxalq Ədalət Məhkəməsi, ya da özü 75-ci maddəyə əsasən həyata keçirsin. Zəngəzur dəhlizinin maneəsiz keçid üçün açılmasını təmin etsin".
Anar Əliyev