"Artıq üç ildir ki, işğaldan azad olunan Laçın özünün yeni inkişaf və tərəqqi dövrünü yaşayır. Ötən üç il ərzində rayonda həyata keçirilən infrastruktur layihələri Laçının simasını dəyişib, onu dünyanın turizm distinasiyasına çevirib. Bu gün təkcə Azərbaycanda deyil, eləcə də ondan kənarda Laçına turizm bölgəsi kimi böyük maraq göstərilir".
Bu fikirləri Newscenter-az-a "Milli İnkişaf" İctimai birliyinin sədri Arzuman Muradlı Laçının işğaldan azad olunmasının üçüncü ildönümünə nəzər salarkən səsləndirib.
Laçının 1992-ci ilin may ayında o zaman hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin qurbanına çevrildiyini deyən Arzuman Muradlı rayonun işğal altında qaldığı 30 ilə yaxın müddətdə ermənilər tərəfindən dağıdıldığını, onun yeraltı və yerüstü sərvətlərinin talan edildiyini diqqətə çatdırıb:
"İşğal altında olan digər şəhər və rayonlarımız kimi Laçını da erməni vandalizminin qurbanına çevrildi".
44 günlük Vətən müharibəsinin sonu olaraq imzalanmış üçtərəfli bəyanata uyğun olaraq 2020-ci il dekabrın 1-də Laçının bir güllə atılmadan boşaldıldığını deyən Arzuman Muradlı qeyd edib ki, bu öz-özlüyündə Ali Baş Komandan İlham Əliyevin həm güclü siyasi lider, həm də müzəffər ordu rəhbəri olduğunun göstəricisi idi.
Anar Əliyev