"30 ilə yaxın işğal altında qalan şəhər və rayonlarımızın işğaldan azad edilməsinin ildönümünü qeyd etmək böyük qürur və fəxarət hissidir. Bu qürur və fəxarət hissini bizə yaşadan Ali Baş Komandan və onun Müzəffər Ordusuna, eləcə də torpaqlarımız uğrunda canını fəda edən şəhid və qazilərimizə minnətdarıq".
Bu fikirləri Newscenter-az-a ictimai-siyasi fəal Anar Salehoğlu Laçının işğaldan azad edilməsinin üçüncü ildönümündən danışarkən səsləndirib. O bildirib ki, Laçın da digər şəhər və rayonlarımız olan Ağdam, Kəlbəcər kimi bir güllə atılmadan işğaldan azad edildi:
"Bu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həm güclü siyasi lider, həm də güclü sərkərdəlik bacarığının qələbəsi, uğuru idi".
Ermənilərin Laçın və Kəlbəcərdən ciddi cəhdlə çıxmaq istəmədiklərini deyən Anar Salehoğlu, lakin üçtərəfli bəyanat əsasında digər şəhər və rayonlarımız kimi Laçını da boşaltmaq məcburiyyətində qaldıqlarını deyib.
O deyib ki, Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonu 1992-ci ilin may ayında hakimiyyət uğrunda mübarizənin qurbanı olaraq ermənilər tərəfindən işğal edildi:
"Digər şəhər və rayonlarımız kimi Laçına qarşı da işğal dövründə ermənilər tərəfindən vandalizm həyata keçirildi, onun yeraltı və yerüstü sərvətləri talan edildi.
1992-ci ilin may ayından ermənilərin işğalı altında olan Laçının azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün oldu. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarıldı".
Anar Salehoğlu diqqətə çatdırıb ki, bu gün Laçın özünün inkişaf, tərəqqi dövrünü yaşayır:
"Ötən 3 il ərzində Laçında həyata keçirilən sosial-iqtisadi layihələr buranı cənnətə çevirib. Artıq laçınlılar öz yurd-yuvalarına qayıdır və öz dədə-baba torpaqlarına sahib çıxırlar".
Anar Əliyev