Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

“Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib


Azərbaycanda şərab turizminin inkişafı üçün mövcud olan imkanlar haqqında fikir mübadiləsi aparmaq və bu sahədə baş verən son yenilikləri bölüşmək məqsədilə dekabırın 2-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusuna həsr olunmuş konfrans keçirilib.

Newscenter.az xəbər verir ki, konfransda çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid ölkəmizdə şərab turizminin inkişafı üçün böyük potensialın olduğunu və Azərbaycanın şərabçılıq ənənələrinin və məhsullarının iştirak edilən beynəlxalq turizm sərgilərində nümayiş etdirildiyini qeyd edib.

Qlobal Şərab Turizmi Təşkilatının (GWTO) prezidenti Xose Antonio Vidal və təşkilatın Avrasiya regionu üzrə vitse-prezidenti Leonid Gelibterman tərəfindən müvafiq mövzular üzrə çıxışlar edilib.

Həmçinin konfrans çərçivəsində Azərbaycanda ilk olaraq "Şəki Şərab" zavodunun Qlobal Şərab Turizmi Təşkilatına (GWTO) üzv olması haqqında rəsmi sertifikatın təntənəli təqdimatı olub. Bu, zavodun ölkəmizdə enoturizm potensialının inkişafına verdiyi töhfəni təsdiqləyir. Beynəlxalq assosiasiyada üzvlük təcrübə mübadiləsi, tədbirlərin keçirilməsi və GWTO-nun digər iştirakçıları ilə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün imkanlar yaradacaq.

"Məmnuniyyətlə bildirmək istəyirəm ki, bu gün GWTO xəritəsində ekspertləri və şərab mədəniyyətinin pərəstişkarlarını cəlb edəcək daha bir yer var - Azərbaycan. Bölgənin zəngin tarixi, yerli torpaq ərazilərin xüsusiyyəti və burada istehsal olunan şərabların orijinallığı bütün dünyadan turistlərin cəlb edilməsini dəstəkləyəcək, iqtisadi inkişafa töhfə verəcək və ölkənin turizm potensialının daha da artırılmasına kömək edəcək uğurun tərkib hissəsidir", - GWTO-nun prezidenti Xose Antonio Vidal qeyd edib.

Qeyd edək ki, "Şəki Şərab" zavodunun enoturizm potsialının inkişafı ilə Azərbaycanda Rusiyanın "Abrau-Durso" Şirkətlər Qrupunun maraqlarını təmsil edən "Az Abrau" şirkəti məşğul olur. "Az Abrau" şirkətinin direktoru Ernest Minqazov sertifikatın təqdim edilməsinə şərh verərək bildirib:

"Enoturizm sahəsində qabaqcıl dünya praktikalarını tətbiq etməklə və beynəlxalq təcrübədən istifadə etməklə biz turistləri regiona cəlb edə və öz qədim tarixi ilə məşhur olan Şəkidə cazibəli turistik məkana çevrilə bilərik".

Konfrans çərçivəsində Azərbaycan Turizm Bürosunun Qastronomiya Turizminin idarəedilməsi departamentinin direktoru Səkinə Əsgərova Azərbaycanda qastronomiya turizmi sahəsində nəzərdə tutulan layihələr barədə məlumatlar iştirakçıların diqqətinə çatdırıb.

Bundan əlavə, şərab istehsalı və şərab turizmi üzrə ixtisaslaşmış şirkət nümayəndələri təmsil etdikləri şirkətlərin təcrübələrini əks etdirən məlumat xarakterli təqdimatlar ediblər.

Tədbirin sonunda iştirakçıların maraq doğuran sualları çıxışçılar tərəfindən cavablandırılıb.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır. Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır.

Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.

R.Mehdiyeva
Xəbəri paylaş