Qərbi Azərbaycan İcması Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanla bağlı əsassız iddialarına cavab verib.
Newscenter.az-ın xəbərinə görə, icmanın bəyanatında qeyd olunub ki, İrəvan diplomatiyasının utanmaz davranışının həddi-hüdudu yoxdur.
Bildirilib ki, A.Mirzoyan Azərbaycanı “təcavüz”də, “etnik təmizləmə”də, qeyri-konstruktivlikdə ittiham edən açıqlamalarla çıxış edib.
"30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, azərbaycanlıların Ermənistana qayıdış hüququnu belə inkar edən bir ölkənin rəsmisinin belə açıqlaması siyasi əxlaqsızlıqdır.
Bu həmin Ararat Mirzoyandır ki, Vətən müharibəsi zamanı oktyabr ayında başqa bir ölkənin-Azərbaycanın suveren ərazilərində dayanaraq özünə “dahi sərkərdə” siması verib “Biz güclüyük. Biz qalib gələcəyik. Ermənistan ordusuna eşq olsun” kimi açıqlamalar verirdi. 10 noyabr kapitulyasiya aktından sonra erməni xalqının qəzəblənərək küçələrə tökülməsinin bir səbəbi də yəqin Ararat Mirzoyan kimilərinin Vətən müharibəsi zamanı boğazdan yuxarı açıqlamaları idi".
Bəyanatda vurğulanıb ki, Ermənistanın uğursuz dövlət olmasının bir səbəbi də daşnak və mağara təfəkkürlü erməni diplomatiyasıdır.
"Ermənistanın son vaxtlar ortaya atdığı “Sülh kəsişməsi” təşəbbüsünə gəldikdə isə, ilk öncə qeyd etmək istərdik ki, layihədə nəzərdə tutulan kommunikasiyaların əksəri vaxtilə bizim yaşadığımız, sonradan deportasiya edildiyimiz ərazilərdən keçir. Bundan başqa, Ermənistan uzun müddətdir ki, regionda kommunikasiyaların açılmasına mane olur və bu narrativi dəyişmək, öz aləmində guya Azərbaycanın mövqeyini zəiflətmək üçün indi “Sülh kəsişməsi” kimi utopik bir ideyanı ortaya atmışdır. Ermənistanın bu layihəni reallaşdırmaq üçün heç bir imkanı yoxdur. Ermənistan hələ də utopiya ilə məşğuldur", - bəyanatda bildirilib.
Sona