Son illərdə ətraf mühit və insan amili səbəbindən bir çox xəstəliklərin, insan orqanizmində müşahidə edilən problemlərin sayı kəskin dərəcədə artıb. Belə xəstəliklərdən biri də autizmdir. Din və Qadın Hüquqları ictimai birliyinin sədri Tünzalə Qardaşova da bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, o bildirib ki, son zamanlar autizm spektr pozuntusu olan uşaqların sayı artmaqdadır:
“Məlumatı olanlar bilir ki, bu çox ağır psixoloji xəstəlikdir. Bu sindromla doğulan uşaqların ailələri həm maddi, həm də mənəvi cəhətdən çox əziyyət çəkirlər”.
İctimai birlik sədri deyir ki, regionlarda yaşayan valideynlər isə daha çox əziyyətə qatlanmaq məcburiyyətindədirlər:
“Çünki, rayonlarda bu uşaqlarla işləyən mütəxəssislər (psixoloq, loqoped) çox azdır və ya heç yoxdur. Olan mütəxəssislər də ya peşəkar deyil, ya da həddən artıq yüksək məbləğ qarşılığında fəaliyyət göstərirlər. Nəticədə əziyyət çəkən xəstə və valideynləri olur”.
Nərgiz Əzizova