Birləşmiş Ərəb Əmirliklərində energetika naziri Pərviz Şahbazov ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşüb. Görüş Dubayda COP 28 çərçivəsində yaradılan Azərbaycanın milli pavilyonunda baş tutub.
Cefri Pyatt əvvəlcə Azərbaycanın milli pavilyonu ilə tanış olub və ölkəmizin “yaşıl enerji” və iqlim siyasəti, hədəfləri, həyata keçirilən “yaşıl inkişaf” kursu barədə məlumatlandırılıb.
Newscenter.az xəbər verir ki, görüşdə isə metan emissiyalarının azaldılması, Azərbaycanda quruda və dənizdə “yaşıl enerji” güclərinin yaradılması, hidrogen istehsalı və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə elektrik enerjisi və “yaşıl hidrogen”in ötürülməsi ilə bağlı həyata keçirilən tədbirlər müzakirə edilib. 2027-ci ilədək 1870 MVt həcmində bərpa olunan enerji güclərinin ölkənin enerji sisteminə inteqrasiya ediləcəyi, növbəti mərhələdə isə Avropaya ixrac məqsədilə dənizdə meqa istehsal güclərinin yaradılacağı, bu məqsədlə həyata keçirilən texniki-iqtisadi əsaslandırması başa çatdıqdan sonra tikinti prosesinin başlanacağı bildirilib.
Söhbət zamanı Mərkəzi Asiya ölkələrinin Azərbaycan vasitəsilə bu dəhlizə qoşulması perspektivləri nəzərdən keçirilib. Azərbaycandan keçməklə Mərkəzi Asiyadan Avropa İttifaqına “yaşıl enerji” körpüsünün yaradılması ABŞ Dövlət katibinin köməkçisi tərəfindən maraqla qarşılanıb.
R.Mehdiyeva