Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Peşələr Festivalının Bakıda yekun tədbiri olub

Peşələr Festivalının Bakıda yekun tədbiri olub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə təşkil edilən Peşələr Festivalı başa çatıb.

Newscenter.az xəbər verir ki, Bakı şəhərində Festivalın yekun tədbiri keçirilib. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Milli Məclisin vitse-spikeri Adil Əliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və digər millət vəkilləri, universitet rektorları və b. iştirak edib.

S.Babayev yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində Festivalın rolunu yüksək qiymətləndirib.

O, “Peşəni peşəkardan soruş” devizi ilə bu dəfə ölkənin 10 rayon və şəhərində keçirilən bu Festivalda iştirakçıların peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənmək şansı qazandıqlarını qeyd edib.

Nazir Festivala qatılan yeniyetmə və gənclərin gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağı barədə məlumatlar əldə etmək, peşələrlə əyani şəkildə tanış olmaq imkanı qazandıqlarını vurğulayıb.

F.Qayıbov gənclərin məşğulluğunun dəstəklənməsi məqsədilə Gənclər və İdman Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə icra etdiyi layihələri diqqətə çatdırıb. O, gənclərin əmək bazarına çıxışına dəstək göstərilməsi üçün bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb.

A.Əliyev və M.Quliyev gənclərin mövcud əmək bazarının tələbləri barədə məlumatlılığının artırılmasının, onların bu tələblərə uyğun düzgün peşə seçiminə köməklik göstərilməsinin vacibliyini, bu baxımdan Peşələr Festivalının önəmini diqqətə çatdırıblar.

Qeyd edək ki, Festival boyunca robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilib.

Festivala qatılan şəxslərə Mərkəzi Karyera filialının məsləhətçiləri tərəfindən peşəyönümü məsləhəti xidməti də göstərilib, “Alo, Karyera” dəstək xidməti və cvyarat.az platforması barədə məlumat verilib.

Festival Quba, İsmayıllı, Zaqatala, Şəmkir, Salyan, Ordubad, Naxçıvan, Cəlilabad, Sabirabad və Bakını əhatə edib. Həmin tədbirlərə ümumilikdə 70 minə yaxın şəxs qatılıb.

İştirakçılar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər. Festival konsert prqramı ilə başa çatıb.

Sona
Xəbəri paylaş