“Birləşmiş Ştatlar himayə etdiyi Ermənistan kimi gündə bir havaya oynayır. Gah Azərbaycana minnətçi düşərək əməkdaşlıq etməyə can atır, gah da ölkəmizin ünvanına heç bir əsası olmayan qərəzli fikirlər səsləndirir. Bu günlərdə Vaşinqton Post qəzetində Azərbaycanla bağlı işıq üzü görən məqalə də məhz bu qəbildəndir. Okeanın o tayında bunu azad fikir, media azadlığı kimi təqdim etməyə çalışsalar da, əslində bu cür yazıların sifarişi bir qayda olaraq sözügedən mətbu orqana Ağ Evdən, yaxud Dövlət Departamentindən gəlir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” ictimai bilrliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, ədalət postundan kənar olan “Vaşinqton Post” qəzeti doğurdan da fikir və söz azadlığını əsas prioritet götürsə və fərqli fikirlərə yer ayırsaydı, o zaman sadə amerikalıların Vaşinqtonun İsrailə hərbi dəstəyini kəskin şəkildə tənqid edən mövqeyini də dərc edərdi:
“Yaxud, Birləşmiş Ştatların Ukrayna siyasətini tənqid edən bəzi konqresmenlər də bu qəzetin tribunasından yararlana bilərdilər. Ancaq təəssüflə qeyd etmək istərdik ki, bunların heç birini görmürük. Fikir və söz azadlığını kobud şəkildə pozan bir mətbu qurum Azərbaycanda media azadlığının pozulduğunu iddia edir. Absurd deyilmi?”.
Arzuman Muradlı qeyd edib ki, əgər “Vaşinqton Post” üçün ədalət prinsipi əsas olsaydı, o zaman ötən 30 il ərzində bir dəfə də olsun erməni vandalları tərəfindən ev-eşiklərindən didərgin düşmüş qaçqın və məcburi köçkünlərimiz barədə bəhs edər, məqalə dərc edərdi:
“Yaxud işğal dövründə ermənilərin Qarabağda törətdikləri vəhşiliklərdən yazardı. Bir daha qeyd etdiyim kimi bunların heç biri indiyə qədər baş verməyib. Bu da “Vaşinqton Post”un nə dərəcədə “ədalətli” olduğunu göstərir”.
Anar Əliyev